Bəli, biz birmənalı bütün dağları aşmışıq

Bəli, biz birmənalı bütün dağları aşmışıq

Ənvər Haqverdiyev

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi, siyasi şərhçi

Azərbaycan və onun müdrik Prezidenti cənab İlham Əliyev avropalıların da dediyi kimi, Avropada ən çox arzuolunan şəxslərdəndir. Onun iştirak etdiyi tədbirlərdə vaxt məhdudiyyəti olmasa, kimsə o görüşləri tərk etmir. Dövlət başçısının məntiqə, beynəlxalq hüquqa və fundamental insan haqlarına əsaslanan tezisləri və bu tezislərin praktik maraqlara cavab verməsi dünyada xüsusi marağa səbəb olur. Bir çox belə platformalar, kürsülər vardır ki, biz artıq orada dəfələrlə zəfərimizi təsdiq etmişik. Lakin Münhen Təhküləsizlik Konfransı Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir kürsüdür. Belə ki, üç il əvvəl Prezident məhz orada dünyanın gözləri qarşısında baş nazir Paşinyana sözün bütün mənalarında dərs vermiş, Paşinyansa, müxtəlif sərsəm fikirlər səsləndirərək özünü biabır etmişdi. Necə deyərlər, heç üstündən üç il keçməmiş növbəti Münhen Təhküləsizlik Konfransı və növbəti ağır diplomatik, psixoloji zərbə....

Konfrans çərçivəsində müxtəlif formatlı görüşlər olmuşdur. Ən diqqət çəkən görüş ABŞ-ın dövlət katibi Blinkinin iştirakı ilə olan görüşdür ki, orada Azərbaycan Prezidenti çox lazımlı və Qərb dövlətləri tərəfindən məntiqli qəbul olunan təkliflə çıxış etmişdir. Zəngəzur dəhlizinin hər iki çıxışında nəzarət-buraxılış məntəqələrinin formalaşdırılması gələcək fəaliyyətlərin reallaşmasına kömək edəcək və qarşılıqlı inam və etimad mühiti formalaşdıracaqdır. Bu, Qarabağın dağlıq hissəsində yaşayan və ora gedib-gələn erməni vətəndaşlarımız üçün də daha rahat və etibarlı bir mühit yaradacaq. Azərbaycanın suveren hüquqları tam qorunacaq. Bu təklifin qəbul olunması çox vacib məqamdır.

Blinkenin iştirakı ilə keçirilən üçtərəfli formatda diqqət çəkən başqa bir məqam da ondan ibarət olmuşdur ki, Azərbaycan xüsusi ilə də dövlət başçısı Ermənistanın növbəti təxribatının qarşısını ala bilmişdir. Belə ki, bir neçə gün əvvəl Ermənistan tərəfindən göndərilən təkliflərdə Qarabağda yaşayan erməni icmasının Azərbaycanla danışıqlara cəlb olunması məsələsi yer almışdır. Daha doğrusu, ermənilər bu cür sərsəm təkliflər irəli sürərək sülh müqaviləsini böyük risk altına almaq istəmişlər. Bilirlər ki, Azərbaycan heç vaxt terrorçu dəstələrlə danışıqlar aparmayacaq. Cənab Prezidentin də vurğuladığı kimi keçmiş münaqişənin iki tərəfi olub. Bu gün də sülh danışıqları məhz iki tərəf arasında aparılmalıdır. Qaldı ki, Qarabağda yaşayan erməni əhalisinə, onların gələcək taleləri Azərbaycanla bağlıdır. Onların hüquq və vəzifələri isə Azərbaycan qanunları ilə müəyyən olunacaq. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Ölkəmizdə yaşayan etnik azlıqlar yalnız ermənilər deyildirlər. Onlar saylarına görə hətta ən kiçik etnik qruplar sırasındadır. Məhz bu səbəbdən bu məsələyə görə narahat olmağa dəyməz. Bu, Azərbaycan Respublikasının daxili məsələdir və heç bir beynəlxalq səviyyəli müzakirənin mövzusu deyil.

Sülh müqaviləsinin hazırlanmasında, daxil edilmiş bəndlərdə əgər Qarabağda yaşayan erməni icmasının iştirakı nəzərdə tutulacaqsa, o zaman 1918-ci ildən indiki dövrə qədər İrəvan, Göyçə, Zəngəzur və digər tarixi torpaqlarımızdan məcburi didərgin edilmiş vətəndaşlarımız vardır ki, onların da icmaları var və onlar da öz tarixi torpaqlarına qayıtmaq üçün rəsmi İrəvanla danışıqlara başlamalıdırlar. Hər halda bu bir gün baş verəcəkdir. Lakin İrəvan Qarabağın erməni icmasını sülh danışıqlarına cəlb etmək istədiyi halda, ölkəmiz də Qərbi Azərbaycan İcmasının sülh prosesində iştirakını tələb edə bilər. Bu, haqlı və məntiqli tələb olacaqdır.

Prezident cənab İlham Əliyev Münhen Təhküləsizlik Konfransı çərçivəsində keçirilən "Dağları aşmaq, Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda müzakirələrdə də iştirak etmişdir. Dövlət başçımızla yanaşı Gürcüstan və Ermənistan baş nazirləri də iştirak edirdi. Ötən üç il ərzində Prezidentin də işarə etdiyi kimi Paşinyan daha çox inkişaf edə bilər və daha məntiqli təkliflər, fikirlər irəli sürə bilərdi. Heç olmasa, “Kokeyşin büro” rəzalətinin yenidən təkrarlanmaması mövcud reallıqların qəbul edilməsi nöqteyi nəzərindən ümidverici amil kimi qəbul edilə bilər. Keçmiş görüşlərə nisbətən reallıqları qəbul etmiş, hətta onlarla barışmış bir siyasətçi imici yaradan Paşinyan arabir lazımsız ifadələr işlətsə də deyərdim ki, tam mənada Prezidentin müəyyən etdiyi konturlara zidd fikirlər söyləmədi. Bunlar əlbəttə, onun arzusu deyil, cənab Prezidentin praqmatik siyasətinin təzahürüdür.

Bəli, biz bir mənalı bütün dağları aşmışıq. Nəinki dağları, düzləri, çayları aşıb öz torpaqlarımıza getmişik. Biz keçilməz deyilən səddləri, aşılmaz deyilən istehkamları döyüş meydanında can verərək, qan tökərək aşmışıq.  O qədər qarşısımızda dayana bilməyiblər ki, biz tarixi torpaqlarımıza qədər gedib çıxmışıq. İndi isə biz dünyanın ədalətsiz baxışlarında qalaqlanmış “dağları aşmaq” istiqamətində lazımı işlər aparırıq. Məsələn, bütün dünyanın önündə, Paşinyanın isə düz gözlərinin içinə baxaraq dedik ki, iki il əvvəl imzaladığınız sənəd təslimolma aktıdır. Bu sənəd regionda bütün reallıqların yenidən formalaşması deməkdir. Biz 30 il səbrlə və əzmlə gözlədik ki, qan tökülmədən məsələ öz həllini tapsın. Bu gün madəm ki, can verib torpaqlarımızı azad etmişik, deməli sülh gündəliyini də biz müəyyən etməliyik.

Biz eyni zamanda dövlət başçımızın timsalında bütün dünyaya o dərsi də keçdik ki, bizim “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidimiz yoxdur. Qərb, dünya birliyi, Ukraynanın ərazi bütövlüyünə göstərdiyiniz həssaslığı Azərbaycana da göstərin, onun Anayasasına, suverenliyinə qarşı hörmət edin. Rusiya ilə müharibə aparan Qərbin, Avropanın təəssüf ki, hələ də keçən əsrdən “miras” qalmış, heç bir siyasi etibarlılığı olmayan “Dağlıq Qarabağ” terminini istifadə etməsi ən azından təxribat xarakterlidir.

Panel müzakirələr vaxtı Paşinyan Qarabağda yaşayan erməni əhalisinin güya 70 günlük “blokada”da qaldığını deyərək, növbəti lazımsız, münasibətlərin düzəlməsinə zərər verən fikirlər söylədi. Lakin Prezidentin faktlarla, rəqəmlərlə verdiyi cavab hər halda yalnız erməni cəmiyyətində deyil, bütün dünyada Xankəndi-Laçın yolunda baş verənlərə tutarlı bir cavab idi. 70 günlük QHT-lərin sivil mübarizələri müddətində yüzlərlə maşın, tibbi ləvazımat, ərzaq o yoldan maneəsiz keçmişlər. Hələ üstəlik Qarabağla heç bir əlaqəsi olmayan Ruben Vardanyanın dəfələrlə o yoldan istifadə etməsi, Qarabağa, İrəvana, Moskvaya və yenidən Qarabağa qayıtması bir daha sübut edir ki, yol açıqdır.  Əgər dünya doğurdan da hansısa, blokadanın qarşısını almaq istəyirsə, o zaman 30 ildən artıqdır ki, Naxçıvanın Ermənistan tərəfindən blokadasına son qoysunlar. Zəngəzur dəhlizinin açılması əslində regionda mövcud bütün məhdudiyyətləri aradan qaldırar və sülhün ən böyük qarantı olan əməkdaşlıq mühitini formalaşdırar.

İki keçmiş düşmən, indiki anlaşılmazlıqları həll etmək istəyən, gələcəkdə isə qonşuluq münasibətlərində yaşamaq arzusunda olan xalqların arasında mənəvi-psixoloji, siyasi mənada “dağları aşmaq” üçün bu keçmiş münaqişənin beynəlxalq gündəmdən çıxması və xalqlar arasında ictimai münasibətlərin, bir başa “toxunuşların” yaranması lazımdır. Erməni cəmiyyəti revanşizm niyyətlərini kənara qoymalı, Qərbin, xüsusi ilə də Fransanın müdaxilələrinə inanmamalıdır. Çünki 44 günlük müharibə və sonrasında həyata keçirilən anti-terror əməliyyatları göstərdi ki, milli maraqların müdafiəsi istiqamətində elə bir qüvvə yoxdur ki, Azərbaycanı və onun müdrik rəhbərini öz müqəddəs yolundan saxlaya bilsin.