Prezidentin Türkmənistan səfəri: regional əməkdaşlığın strateji prioritetləri

Prezidentin Türkmənistan səfəri: regional əməkdaşlığın strateji prioritetləri

Şəms Həşimova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin müəllimi

2025-ci il 22 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistan Respublikasına rəsmi səfəri və Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilmiş yüksək səviyyəli üçtərəfli görüş region ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirmişdir. Türkmənbaşı şəhərində baş tutan görüşdə imzalanmış sənədlər strateji tərəfdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir və regional sabitliyin, iqtisadi inteqrasiyanın dərinləşməsi üçün yeni imkanlar açır.

Prezident İlham Əliyev bəyanatında Azərbaycan–Türkmənistan əlaqələrinin çoxəsrlik dostluq və ortaq mədəni irs üzərində qurulduğunu, siyasi baxışların və strateji prioritetlərin uzlaşmasının bu münasibətləri xüsusi etimad müstəvisinə çıxardığını vurğulamışdır. Azərbaycan və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatı platformasında əməkdaşlığın genişlənməsi, regionda inteqrasiya proseslərinin səmərəliliyini artırır.

Görüş çərçivəsində enerji resurslarının birgə istifadəsi, nəqliyyat-logistika dəhlizlərinin inkişafı və Xəzər hövzəsində əməkdaşlıq məsələləri xüsusi müzakirə olunmuşdur. Prezident İlham Əliyev Türkmənistanın dayanıqlı inkişaf strategiyasını yüksək qiymətləndirərək, bu ölkənin regional tərəfdaş kimi etibarlılığını və gələcək əməkdaşlıq perspektivlərinin genişliyini qeyd etmişdir. Dövlət başçısının “Türkmənistan əmin əllərdədir” fikri, ikitərəfli münasibətlərə verilən siyasi dəstəyin və dostluq münasibətlərinin dərinliyinin göstəricisidir.

Səfər zamanı həmçinin humanitar və iqtisadi layihələrə dair vacib razılaşmalar əldə olunmuşdur. Türkmənistanın Qarabağda məscid inşa etməsi, Özbəkistanın isə Xankəndində fəaliyyət göstərən tikiş fabrikini istifadəyə verməsi yalnız iqtisadi əməkdaşlığın deyil, həm də mədəni həmrəyliyin bariz nümunəsidir. Bu təşəbbüslər regionda bərpa və dirçəliş proseslərinə real töhfə verir, xalqlar arasında qarşılıqlı etimadı möhkəmləndirir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Özbəkistan münasibətləri sadəcə bəyanatlarda deyil, konkret addımlarda təsdiqini tapır və bu əlaqələr “sözdə yox, əməldə qardaşlıq” prinsipinə əsaslanır. Bu səfər bir daha göstərdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan regional təhlükəsizlik, davamlı inkişaf və qarşılıqlı rifahın təmin olunması üçün ortaq siyasi iradəyə malikdir. İmzalanmış sənədlər və əldə olunmuş razılaşmalar regional əməkdaşlığın strateji xarakterini gücləndirir və gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün zəmin yaradır.