Prezidentin söylədiyi son dərəcə konseptual nitq daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti maraqlandıran məqamlara aydınlıq gətirdi
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2022 – ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə ilk növbədə, dövlətçiliyimiz tarixində böyük yüksəlişin əldə edilməsi dövlət başçısının xarici və daxili siyasət kursu ilə bağlı mesajları ölkəmizin geo-siyasi mövqeyinin gücləndiyini, regionun lider dövləti olan Azərbaycanın beynəlxalq münasibətlərin mühüm oyunçularından birinə çevrildiyini təsdiqlədi. Ölkənin bütün fəaliyyət sahələrində qeyd olunan müddət ərzində həyata keçirilən tədbirlərin, qarşısındakı dövr üçün yeni vəzifələrin müəyyənləşdirilməsi cənab Prezidentin müşavirədəki dərin məzmunlu çıxışında bir daha önə çəkildi. “Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik – bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq”
Azərbaycan hər zaman bütün sahələrdə fəallıq göstərmişdir. Bu gün real olaraq Cənubi Qafqazın lideri statusunda çıxış edən Azərbaycan beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin təmini, terrorizmə qarşı mübarizə məsələlərində hər zaman əhəmiyyətli rol oynayıb. Nəzərə alınmalıdır ki, ölkəmiz 30 ilə yaxın bir müddətdə terrordan əziyyət çəkib və yalnız Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bütün bu uğurlar isə dünyanın aparıcı təşkilatları və dövlətləri tərəfindən təqdir olunur. Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və artıq qalib olması ölkəmizə olan müsbət maraqları artırmışdır.
Hazırda Azərbaycan öz milli maraqlarına uyğyun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir, xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT – dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir. Qonşu ölkələrdə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Xüsusilə, qardaş Türkiyə dövləti ilə münasibətlər bu gün daha yüksək şəkildə inkişaf etməkdədir. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri ölkəmizin təhlükəsizliyi üçün əlavə zəmanət əldə etmək deməkdir. Dünyada analoqu olmayan Azərbaycan Türkiyə 2021- ci il iyun ayının 15 – də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib ki, bu da, beynəlxalq qurumlar tərəfindən də təqdir edilir. Bununla Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.
Azərbaycan türk dövlətləri ilə münasibətlərə hər zaman mühüm önəm verir. Eyni zamanda sülhün və əməkdaşlığın tərəfdarı olan Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir. Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə, NATO ilə münasibətləri də yüksələn xətlə və uğurlu inkişaf edir.
Artan beynəlxalq nüfuz ölkənin inkişaf perspektivlərini müəyyən edir. Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına və onların inkişafına şərait yaradıb. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasuyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi – diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan atdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyədə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, habelə yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perispektivi peşəkar diplomatiya, habelə siyasi iradə, güc və müvafiq bacarıqların təzahürüdür.
Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə son dərəcə konseptual bir nitq söyləməklə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran məqamlara aydınlıq gətirdi. Dövlətimizin başçısının çıxışında Ermənistan hakimiyyətinə və regionda maraqları olan ölkələrə ünvalanmış mesajlar da çoxluq təşkil edirdi.
Hər şeydən əvvəl, xarici siyasətdə uğurlara toxunan Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, ölkəmizin beynəlxalq mövqeləri xeyli möhkəmlənib. Azərbaycan ötən 6 ay ərzində həm ikitərəfli, həm də çoxtərəfli platformalarda fəal iştirak edib, Türk dövlətləri ilə əlaqələrin yeni müstəviyə qaldırır. Həmçinin təmsil olduğunu təşkilatlarda fəallığını artırıb və bir sıra mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib. Bu yaxınlarda İslam Əməkdaşlığı Təşkilatının Baş katibinin azad olunmuş torpaqlarımıza səfərini də diplomatik qələbəmiz kimi səciyyələndirə bilərik. Bu səfər erməni vandallığının real nümunələrinin bütün İslam dünyasına çatdırılması baxımından çox önəmli idi.
Ən başlıcası onu da qeyd edək ki, Azərbaycan dövləti ötən dövrdə 44 günlük Vətən müharibəsinin nəticələrinin beynəlxalq miqyasda legitimləşdirilməsi istiqamətində də ardıcıl və səmərəli fəaliyyət həyata keçirib. Həm Moskvanın, həm də Brüsselin təşəbbüsü ilə keçirilən müzakirələrdə Azərbaycanın diktə etdiyi şərtlər masa üzərində olub. Ölkəmiz müharibə dövründə olduğu kimi, sülh quruculuğu mərhələsində də özünün güclü mövqeyindən çıxış edərək diplomatik qələbələrini sıralamaqdadır. Avropa İttifaqı, Rusiya və bir sıra digər güc mərkəzlərinin postmünaqişə reallıqlarını tanıması bunun əyani təzahürüdür. Ölkəmizin sülhün yaradılması üçün elan etdiyi 5 prinsipin Ermənistan hakimiyyəti tərəfindən qəbul edilməsi bir daha göstərdi ki, sülh gündəliyin fundamental əsaslarını biz müəyyən edirik. Sözsüz ki, rəsmi İrəvan bu şərtləri xoşluqla qəbul etmədi. Azərbaycanın reallaşdırdığı strateji diplomatiya, belə demək mümkündürsə, Ermənistanı küncə sıxışdırdı, onun diplomatik manevr imkanlarını tamamilə tükəndirdi və nəticədə İrəvanı ölkəmizin şərtləri ilə razılaşmağa məcbur etdi.
Postmünaqişə mərhələsində gedən proseslərə nəzər salsaq, həm müsbət, həm də mənfi məqamları müşahidə edə bilərik. Məsələn, sərhədlərin delimitasiyası üzrə işçi qrupun ilk iclasının keçirilməsini və sülh müqaviləsinin əsasını təşkil edəcək beş maddədən ibarət baza prinsiplərinin Ermənistan tərəfindən qəbul edilməsi müsbət elementlər kimi nəzərdən keçirilə bilər. Lakin təəssüf ki, ümumilikdə regional sülhü təhdid edəcək bəzi xoşagəlməz hallar da müşahidə olunmaqdadır. Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərində hələ erməni silahlı birləşmələrinin mövcudluğu qəbuledilməzdir. Sülh quruculuğu prosesini ciddi şəkildə təhlükə altına alan bu hal 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının Ermənistan tərəfindən birmənalı şəkildə pozulması anlamına gəlir. Çünki Bəyanatın 4 – cü maddəsində aydın şəkildə təsbit olunub ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycan ərazilərinə erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma ötən müddətdə Qarabağda hələ də qanunsuz erməni silahlıları mövcuddur. Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi mesajlar Moskvada da öz ünvanına çatıb və tezliklə Rusiya tərəfi sülhə zəmanətçi funksiyasına uyğun olaraq qanunsuz erməni silahlılarının ölkəmizdən çıxarılması istiqamətində lazımi addımlar atacaq.
Prezident İlham Əliyevin qeyd olunan müşavirədə ölkəmizin beynəlxalq müstəvidə mövqeyi və Ermənistanla münasibətlər haqda fikirlərinin yekunu olaraq onu da vurğulayaq ki, bütün sahələrdə düşməni üstələyən Azərbaycan özünün siyasi, iqtisadi, hərbi qüdrəti ilə dünya çapında mühüm bir mövqedə qərarlaşıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bu mövqeyi gündəngünə daha da möhkəmlənərək yeni mərhələyə qədəm qoyur.