Prezidentin Qəbələ şəhərində çıxışı əsasən sülh və təhlükəsizlik məsələlərinə həsr olunmuşdu

Svetlana Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
2025-ci ilin 7 oktyabrında Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının həmrəyliyi və birliyinin daha da güclənməsi baxımından mühüm tarixi hadisə kimi yadda qaldı. Prezident İlham Əliyevin bu Zirvə görüşündə etdiyi çıxış təkcə Azərbaycanın deyil, bütün Türk dövlətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji məzmun daşıyırdı. Onun nitqi Türk dünyasının artan nüfuzunun, geosiyasi çəkisinin və birgə maraqlar əsasında formalaşan güclü əməkdaşlıq platformasının təntənəsi idi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzə çevrilib. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması, üzv dövlətlər arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin güclənməsi sevindirici haldır. Azərbaycan dövlət başçısı vurğuladı ki, bizi birləşdirən ortaq tarix, etnik köklər, milli-mənəvi dəyərlər və dil birliyidir. Bu ümumi dəyərlər Türk dünyasını böyük bir ailə halına gətirir. Prezident həmçinin bildirdi ki, Azərbaycan TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb ki, bu da ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi səmimi dəstəyin göstəricisidir.
Prezidentin çıxışında sülh və təhlükəsizlik məsələləri xüsusi yer tuturdu. İlham Əliyev vurğuladı ki, sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. O, qeyd etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu bir dövrdə ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı tarixi Zəfər, 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün tam bərpası ölkəmizin müstəqilliyinin, suverenliyinin və milli iradəsinin təntənəsi oldu. Bu qələbələr təkcə Azərbaycanın deyil, bütövlükdə bölgədə ədalətin və sülhün bərqərar olmasına xidmət etdi.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın təşəbbüsü ilə Ermənistanla aparılan sülh danışıqlarının nəticəsində iki ay əvvəl Vaşinqtonda, Ağ Evdə sülh sazişinin paraflanmasının Cənubi Qafqazda yeni mərhələ açdığını bildirdi. Bununla da regionda uzun illər davam edən münaqişə dövrü arxada qaldı, ATƏT-in Minsk qrupunun fəaliyyəti rəsmən başa çatdı. Bu addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin uğurla həyata keçirildiyini bir daha təsdiq etdi.
Prezident çıxışında qeyd etdi ki, bu gün hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas təminatıdır. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq nümunəvi səviyyədədir. Yalnız son bir ildə iki ölkə arasında 25-dən çox birgə hərbi təlimin keçirilməsi bunu sübut edir. İlham Əliyev 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi ki, bu da Türk dünyasının müdafiə və təhlükəsizlik sahəsində birliyini daha da gücləndirəcək.
Prezidentin nitqində nəqliyyat, kommunikasiya və iqtisadi inteqrasiya məsələləri də geniş şəkildə yer aldı. O bildirdi ki, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və Türk dünyası üçün mühüm körpü rolunu oynayır. Orta Dəhliz boyunca yükdaşımaların son illərdə 90 faiz artması, tranzit müddətlərinin qısalması bu sahədə görülən işlərin nəticəsidir. Xəzərin ən böyük ticarət donanmasına, gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanına, Bakı-Tbilisi-Qars dəmir yoluna və 9 beynəlxalq hava limanına malik olan Azərbaycan regionun əsas logistika və nəqliyyat mərkəzinə çevrilib.
İlham Əliyev həmçinin Zəngəzur dəhlizinin açılmasının Orta Dəhliz və Şimal-Cənub marşrutlarının tərkib hissəsi kimi böyük strateji əhəmiyyət daşıdığını qeyd etdi. Bu dəhliz Türk dövlətləri arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin və mədəni əlaqələrin genişlənməsinə yeni imkanlar yaradacaq. Prezident enerji təhlükəsizliyi məsələsinə də toxunaraq bildirdi ki, Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri ilə qaz ixrac edən ölkələr arasında birinci yerdədir. Bununla yanaşı, ölkəmiz günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalının təxminən 40 faizinin bərpaolunan mənbələr hesabına təmin ediləcəyi nəzərdə tutulur.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan və digər türk dövlətləri arasında iqtisadi əməkdaşlıq sürətlə genişlənir. Azərbaycan bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayələrin böyük hissəsi Türkiyəyə yönəlib, lakin Özbəkistan, Qazaxıstan və Qırğızıstanla da birgə sərmayə fondları yaradılıb və bu fondlar vasitəsilə bir çox layihələrin icrası nəzərdə tutulur. Bütün bunlar Türk dünyasında iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsinə və regionun dayanıqlı inkişafına xidmət edir.
Prezident çıxışının sonunda ortaq tarix və mədəni irs məsələlərinə də toxundu. O, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın əhəmiyyətini vurğuladı və gələn il onun 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd edilməsini təklif etdi. Bu təşəbbüs türk xalqları arasında elmi, mədəni və mənəvi bağların daha da güclənməsinə xidmət edəcək.
Sonda Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasına göstərdikləri dəstəyə görə qardaş ölkələrə təşəkkürünü bildirdi. O, Füzulidə, Ağdamda və Cəbrayılda qardaş türk xalqları tərəfindən inşa edilən məktəbləri, mədəniyyət ocaqlarını, məscidləri böyük minnətdarlıqla xatırladı və bu qardaşlıq rəmzlərinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını dedi.
Beləliklə, Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyən edən, həm sülh, həm təhlükəsizlik, həm də iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyan tarixi sənəd kimi qiymətləndirilə bilər. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan Türk dünyasının birliyinin və güclənməsinin önündə gedən əsas aparıcı qüvvələrdən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti Türk Dövlətləri Təşkilatını yeni inkişaf mərhələsinə çıxarır və bu birlik regionda sülhün, sabitliyin, əməkdaşlığın təminatına çevrilir.