Prezident İlham Əliyevin Laçında Tarixi Çıxışı: Zəfərin və Qayıdışın Rəmzi

Prezident İlham Əliyevin Laçında Tarixi Çıxışı: Zəfərin və Qayıdışın Rəmzi

Lalə Məmmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ilin may ayında işğaldan azad edilmiş Laçın rayonuna növbəti səfəri çərçivəsində çıxış edib. Prezidentin bu çıxışı həm siyasi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir. Çıxışda Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün təmin olunması, Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və bölgədə sabitliyin möhkəmləndirilməsi əsas diqqət mərkəzində olub.

Prezident İlham Əliyev çıxışında Laçının Azərbaycanın qədim və ayrılmaz torpağı olduğunu vurğulayaraq, bu ərazilərin azad olunmasının təkcə hərbi deyil, həm də siyasi qələbə olduğunu bildirib. O qeyd edib ki, 2020-ci ildə əldə edilən Zəfərdən sonra Laçının azad olunması ilə Azərbaycanın dövlət suverenliyi tam şəkildə təmin olunub.

“Laçın artıq dirçəlir, burada həyat qayıdır. Bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır və bir daha heç vaxt enməyəcək,” – deyə Prezident bəyan edib.

Prezident çıxışında Laçın şəhərində və rayonun digər kəndlərində həyata keçirilən infrastruktur layihələri, yeni yolların çəkilişi, elektrik və su təchizatı sistemlərinin yenidən qurulması barədə də ətraflı məlumat verib. O, Laçının yenidən qurulmasının dövlət üçün prioritet istiqamətlərdən biri olduğunu və bu işlərin sürətlə davam etdirildiyini qeyd edib.

Prezident Əliyev Laçına artıq bir neçə yüz ailənin köçürüldüyünü və bu prosesin mərhələli şəkildə davam etdiyini bildirib. Onun sözlərinə görə, dövlət və hökumət bütün imkanları səfərbər edərək   vətəndaşların doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıdışını təmin edir.

“Böyük Qayıdış bizim milli birliyimizin, həmrəyliyimizin təntənəsidir. Bu, həm də şəhidlərimizin ruhuna olan borcumuzdur,” –  deyə Prezident qeyd edib.

Çıxışında Prezident bölgədə sülhün və sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, Azərbaycanın sülh təşəbbüslərinə sadiq olduğunu, lakin eyni zamanda suverenliyinə və təhlükəsizliyinə hər hansı təhdidə qarşı qətiyyətlə cavab verəcəyini bildirib.

Nəticə olaraq onu qeyd etmək istəyirəmki, Prezident İlham Əliyevin Laçında etdiyi çıxış, Azərbaycanın öz tarixi torpaqlarına qayıdış prosesinin rəmzi olmaqla yanaşı, gələcəyə olan baxışını da əks etdirir. Bu çıxış həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycanın prinsipial və məqsədyönlü siyasətinin nümayişidir.