Prezident İlham Əliyevin WUF13-də çıxışı böyük maraqla qarşılanıb
2026-cı il mayın 18-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Tədbirdə 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Forum şəhərsalma, dayanıqlı inkişaf və müasir memarlıq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformaya çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış mərasimində çıxış edərək ölkəmizin qədim tarixi, memarlıq ənənələri və müasir inkişaf modeli haqqında geniş məlumat verib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan zəngin mədəni irsi ilə seçilən ölkələrdən biridir. O bildirib ki, xalqımız yalnız musiqisi və poeziyası ilə deyil, eyni zamanda memarlıq nümunələri ilə də fəxr edir. Bakı və Azərbaycanın digər qədim şəhərləri özünəməxsus memarlıq üslubu ilə ölkənin tarixini və milli dəyərlərini yaşadır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşir və tarix boyu Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayıb. Bu mövqe ölkəmizin həm iqtisadi, həm də mədəni əlaqələrinin inkişafında mühüm əhəmiyyət daşıyır. Çıxış zamanı Bakı şəhərinin müasir inkişafından da bəhs olunub.
Prezident qeyd edib ki, Bakı Qran-Prisi şəhər halqasında keçirilən nadir yarışlardan biridir və bu yarış paytaxtın müasir infrastrukturunu dünyaya nümayiş etdirir. Dövlət başçısı Azərbaycanın müxtəlif bölgələrində sürətli şəhərsalma prosesinin getdiyini diqqətə çatdırıb. O bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə verilən önəmin göstəricisidir. Hazırda ölkənin bir çox şəhər və rayonlarında yeni layihələr icra olunur, müasir yaşayış kompleksləri və sosial obyektlər inşa edilir.
Prezident İlham Əliyev çıxışında işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də toxunub. O vurğulayıb ki, hökumətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin Baş planları hazırlanır, müasir infrastruktura malik yaşayış məntəqələri salınır. Bununla yanaşı, Prezident ətraf mühitin qorunmasının vacibliyini də qeyd edib. O bildirib ki, Azərbaycan ekoloji problemlərin həlli və dayanıqlı inkişaf istiqamətində mühüm layihələr həyata keçirir.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Forum çərçivəsində səsləndirilən fikirlər şəhərsalma və memarlıq sahəsində gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.