Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində “Dağlıq Qarabağ”, “status” sözləri danışıqların leksikonundan çıxarılıb

Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində “Dağlıq Qarabağ”, “status” sözləri danışıqların leksikonundan çıxarılıb

Elşad Həsənov 

Siyasi ekspert

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentdə çıxış edərək Azərbaycanla münasibətlərin yoluna qoyulması ilə bağlı bir sıra məsələlərə toxunub. Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, baş nazir Qarabağın status məsələsinin əvvəlki kimi onlar üçün vacib əhəmiyyət kəsb etmədiyini qeyd edib. Paşinyanın sözlərinə görə, Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı statusdan daha vacibdir və bunu ona Brüsseldə bir daha anladıblar. Qeyd edib ki, əvvəllər Ermənistan Qarabağın statusu və təhlükəsizlik zəmanəti məsələsini əsas hesab edirdisə, indi əsas məsələ Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verilməsidir: “Bu mövqemiz son Brüssel görüşündə təsbit olunub.

Əgər əvvəllər təmələ biz Qarabağın statusunu qoyurduq və bundan təhlükəsizlik və haqlar qarantiyaları irəli gəlirdi, indi təmələ təhlükəsizlik və haqlar qarantiyaları qoyuruq və bundan status məsələsi irəli gəlir. Başqa sözlə, biz bu vəziyyətdə statusun məqsəd deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsi vasitəsi olduğunu vurğulayırıq”.

Statusla bağlı Paşinyanın son fikirləri onu göstərir ki, bu, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə Ermənistanın baxışının prinsipial və keyfiyyətcə dəyişməsi deməkdir. Bu o deməkdir ki, status məsələsi keçdi kənara, əsas məsələ təhlükəsizlikdir. Yəni təhlükəsizliyə Azərbaycan hər hansı bir formada təminat versə, onlar buna qane olacaqlar.

Ermənistanın status məsələsini arxa plana atması onu göstərir ki, onlar yeni reallıqlarla barışmaq zorundadılar: “Ermənistan tərəfi görür ki, dünya Azərbaycanla hesablaşır. Azərbaycan 90-cı illərin dövləti deyil. Ölkəmizin Türkiyə kimi müttəfiqi var. Hamıya məlumdur ki, Vətən müharibəsində bütün Qarabağı separatçılardan təmizləmək mümkün idi, amma Rusiya buna imkan vermədi. Əvvəllər Azərbaycan Ermənistana 7 rayonun qaytarılması müqabilində Qarabağa ən yüksək muxtariyyət statusu təklif edirdi. Ancaq erməni tərəfi nümayişkəaranə şəkildə bundan imtina edərək, “müstəqillik” istəyirdi. Təbii ki, biz bununla razılaşa bilməzdik. Azərbaycan hərb yolu ilə ərazilərini işğaldan azad etdi və status məsələsinin üzərindən xətt çəkildi. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində “Dağlıq Qarabağ”, “status” sözləri danışıqların leksikonundan çıxarılıb. Çünki sözügedən məsələ həll olunub.

Azərbaycanın tərkibində “Dağlıq Qarabağ” subyekti yoxdur. Azərbaycan ərazisində olan etnik ermənilərin ölkədə yaşamaq hüququ var. Biz də sözügedən hüquqları tanıyırıq. Onlar Azərbaycan vətəndaşı olaraq bütün hüquqlara sahib olacaqlar. Paşinyanın parlamentdəki çıxışı Ermənistanın Qarabağ məsələsinə yanaşmasında prinsipial dəyişikliklərin baş verməsindən xəbər verir. Çünki Paşinyan yaxşı bilir ki, əvvəlki status-kvonu bərpa etmək mümkün deyil. Azərbaycanın irəli sürdüyü 5 prinsip Brüsseldə qəbul olundu”. Revanşist siyasi qüvvələrdən fərqli olaraq, yerli ermənilər anlayır ki, müharibə Ermənistana sərfəli deyil.