SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsində YAP Suraxanı rayon təşkilatının ƏPT-si yaradılıb
SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun və təşkilatın aparatının əməkdaşlarının iştirakı ilə YAP üzvləri, partiya fəalları və yeni qəbul olunmaq üçün müraciət edən vətəndaşlarla görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açıq elan edən SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi İsgəndər Şirəli bildirmişdir ki, idarədə çalışan çoxsaylı YAP üzvlərinin öz ərizələri ilə müraciətinə əsasən təmsil olunduqları qurumda YAP Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Qum adası ünvanında yerləşən Ərazi Partiya Təşkilatının yaradılması ilə bağlı yerli təşkilatın sədri Vüqar Seyidov müvafiq əmr imzalamışdır. İsgəndər Şirəli onu da ifadə etmişdir ki, neft sənayesi ölkənin iqtisadi inkişafında müstəsna xidmətləri olan sahəsdir. Bu sahənin inkişafı isə YAP-ın qurucusu, müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu səbəbdən bizlər Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında sıx, dəmir yumruq kimi birləşməliyik.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Hövsan qəsəbəsi Qum adası ünvanında yerləşən Ərazi Partiya Təşkilatının (SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsi) üzvləri qarşısında çıxış edərək görüş iştirakçılarını ƏPT-nin yaradılması münasibəti ilə təbrik etdi. Daha sonra yerli təşkilatın sədri bildirdi ki, ölkədə həyata keçirilən böyük iqtisadi inkişafda neft sənayesinin və bu sahədə fəaliyyət göstərən insanların böyük əməyi vardır. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə olunan uğurların qorunub saxlanması üçün yorulmadan fəaliyyət göstərməyin əhəmiyyətinə toxunan Vüqar Seyidov xüsusi qeyd etdi ki, hər bir vətəndaş öz fəaliyyət sahəsindən başqa ictimai fəaliyyətlə də məşğul olmalı, ölkənin gələcəyi haqqında düşünməlidir. Yerli təşkilatın sədri təşkilati məsələlərə toxunaraq dedi ki, bugünkü iclasın gündəliyində daha iki məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur.
Sədr vəzifəsinə İsgəndər Şirəlinin namizədliyi irəli sürüldü və bu təklifə səsvermə ilə münasibət bildirilməsi xahiş edildi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində İsgəndər Şirəli sədr seçilmişdir. Səsvermə nəticəsində seçilmiş yeni sədr uzun illər YAP sıralarında təcrübəsi və səmərəli fəaliyyəti ilə seçilən Faiq Zeynalovun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Faiq Zeynalov ƏPT-nin sədr müavini seçilmişdir.
Sonda bütün üzvlərə ictimai fəaliyyətlərində uğurlar arzulanmışdır.