Qazaxıstanın Ali Ordeni ilə təltif edilmək Azərbaycan xalqına olan hörmətin əlamətidir
Lalə Qafarova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşı
Bu gün Azərbaycanla Qazaxıstan arasında münasibətlər ən yüksək səviyyədədir. İkitərəfli əlaqələrin inkişafında iki ölkə liderlərinin xidmətləri böyükdür. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” Ali Ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, onun Azərbaycan - Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətin göstəricisidir.
Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Bu mükafat bütün Azərbaycan xalqına hörmət əlamətidir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yürütdüyü islahatlar kursunu Azərbaycanın tamamilə dəstəklədiyini bir daha diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, bu siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur.
Səfərin əhəmiyyətini artıran digər məsələ Qarabağda həyata keçirilən quruculuq və abadlıq işlərində Qazaxıstanın iştirakıdır. Bu baxımdan Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı iki ölkə xalqlarının dostluğunun bariz təzahürüdür.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlamasına ciddi təkan verəcək və bölgə dövlətlərinin müstəqilliyinin möhkəmlənməsində və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.