Qənirə Abdullazadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi
Müdrik xalqımızın qədimlərdən üzü bəri nəsil-nəsil yaddaşımızda qoruduğu, etnopsixologiyamızda milli-əxlaqi dəyərə, vətən sevgimizdə və əməlimizdə sarsılmaz dayağa çevirdiyi "Güc birlikdədir", "Tək əldən səs çıxmaz" ifadələri hər bir zaman əməli şəkildə öz doğruluğunu sübut etmişdir. Bunu göstərəcək çox faktlar vardır. Biz bunlardan sadəcə birinə yaxın keçmişin ən şanlı səhifəsinə nəzər yetirdikdə bir daha görəcəyik ki, xalq bir olduqdan sonra onun qarşısında heç bir maneə, çıxılmaz vəziyyət ola bilməz.
Üç il bundan öncəsi, yəni 2020-ci il xalqımız üçün olduqca şərəfli, eyni zamanda əlamətdar bir gün kimi yadda qaldı. Bu ildə respublikamızın ərazi bütövlüyü uğrunda başlatdığı savaş qələbə ilə yekunlaşaraq tariximizin ən şanlı səhifələrində öz layiqli yerini aldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz Ermənistanı məğlub edərək xalqımıza çoxdan gözlədiyi qələbə sevincini bəxş etdi.
Vətən müharibəsi müddətində xalqımız hər gün öz liderinin yenilməz iradəsinə, güclü siyasi bacarıqlarına şahidlik etdi. Haqlı savaşımızda gördüyümüz təzyiqlərə qarşı liderimizin mərdanə duruşu xalqımızı daha da ruhlandırır, bir yumruq altında birləşməyə daha da sövq edirdi. Bu mərhələdə siyasi əqidəsindən, statusundan, milliyətindən, dinindən, vəzifəsindən asılı olmayaraq hər bir kəs— hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. İlham Əliyev 31 Dekabr Həmrəylik Günü xalqımızı təbrik edərkən bununla bağlı öz çıxışında belə demişdir: "Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir".
Vətən müharibəsində digər ölkələrdə yaşayan azərbaycanlılar da vətəndən uzaq olsalar belə, misli görünməmiş bir fəallıq, xalqa bağlılıq nümayiş etdirdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün bütün güclərini səfərbər etdilər. Beləliklə, xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri qələbəmizə layiqli töhfə olmuşdur.
Liderin söylədiyi və hər bir kəsin dilindən düşməyən, müharibə zamanın əzbər ifadəsinə çevrilmiş "Dəmir yumruq" da məhz bu birliyimizi ifadə edən ən gözəl kəlimələrdir. Bu gün də xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirir. Qarabağ savaşında qazandığımız tarixi qələbə bir daha sübut edir ki, xalqın birliyi, özünə inamı və ölkə rəhbərliyinin siyasi kursuna verdiyi dəstək qarşısında həll olunmayacaq ümummilli bir məsələ yoxdur.