Prezident “Euronews” kanalına verdiyi müsahibədə Azərbaycanın gələcək planlarından bəhs edib
Elvina Əhmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə ilə diqqətlə tanış olduq, həmin müsahibədə göstərilən müddəaları tamamilə bəyənirik. Ölkə rəhbəri söyləyib ki, son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir.
Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən Azərbaycanın iqtisadi artımının nisbətən zəif olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb”.
Azərbaycanın dinamik və hərtərəfli inkişafı göz qabağındadır. Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın hərtərəfli tərəqqisinə nail olmağı strateji məqsəd kimi qarşıya qoyub və qısa müddətdə onu həyata keçirib. Bu istiqamətdə qlobal konsepsiya işlənib hazırlanıb, müxtəlif dövlət proqramları qəbul olunub, onların icrasına dövlətimizin başçısı şəxsən özü nəzarət edib. Prezident İlham Əliyev ulu öndərimiz tərəfindən əsası qoyulmuş dövlətçiliyimizi daha da möhkəmləndirmək, ölkəmizin siyasi, sosial-iqtisadi və digər sahələrdə dinamik inkişafı, əhalinin rifah halının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması və digər prioritet məsələlərlə bağlı genişmiqyaslı islahatlar həyata keçirib.
Müxbirin “Siz regionunuzda nəyi müşahidə edirsiniz - rəqabət, yoxsa əməkdaşlıq?” sualına Prezident İlham Əliyevbu cavabı verib: Azərbaycana gəldikdə mən əməkdaşlıq görürəm. Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız, görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var.
Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dördüncü ildir sədrlik etdiyini xatırladan dövlət başçısı vurğulayıb: “Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Biz Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atdıq, parlament və gənclər platformalarını yaratdıq, qadınlar üçün platformanın yaradılması üzərində işlədik. Biz COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım etdik. Beləliklə, bizim Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı və yeri gəlmişkən, bizim sədrliyimiz yekdil qərarla əlavə bir il uzadılmışdır. 120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil, lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə bizi dəstəklədi. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir
Bu gün ölkəmizin beynəlxalq aləmdə mövqeyi və nüfuzu durmadan artmaqdadır. Möhtərəm Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, iqtisadi və sosial sahələrdə həyata keçirdiyi sürətli islahatlar, o cümlədən regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən ədalətli və qətiyyətli səylərimiz layiqli nəticələrini verməkdədir
Qeyd edək ki, Azərbaycan sülhə və sabitliyə sadiq ölkə kimi mühüm adımlar atır. Azərbaycan regionda sülhün, davamlı inkişafın tərəfdarıdır. Bu gün ölkəmiz sülhə və sabitliyə sadiq ölkə kimi mühüm addımlar atır. Eləcə də Azərbaycan Ermənistanla arasında ədalətli sülh sazişinin bağlanmasının istəyir.
Soydaşlarımız zaman-zaman qədim Azərbaycan torpağı olan indiki Ermənistandan qovulub, öldürülüb, zorakılığa məruz qalıblar. Bu etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib.
Müsahibə zamanı dövlət başçımız vurğuladığı kimi, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil: “Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir”, Prezident qeyd etib.