Əldə etdiyimiz nəticələr həm qürurverici, həm də tarixi nəticələrdir

Əldə etdiyimiz nəticələr həm qürurverici, həm də tarixi nəticələrdir

Aynur Samiyeva

YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi

Avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları əldə etdiyi nailiyyətlərlə xalqımızı sevindirib. İdmançılarımızın qazandığı hər bir uğur millətimiz üçün qürur mənbəyi, sevinc, iftixar hissidir. Dörd ildən bir keçirilən Olimpiya Oyunları idman yarışları arasında xüsusi rol oynayır və hər bir ölkə, hər bir idmançı bu yarışlara böyük məsuliyyət və maraqla hazırlaşır. Azərbaycan dövləti Olimpiya Oyunlarında daima böyük uğurlar qazanmışdır, qazandığımız daimi uğurlar isə  onu göstərir ki, biz güclü idman ölkəsiyik.

Qeyd etmək lazımdır ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur və idmançılarımızın çıxışına görə respublikamız üçüncü yerdə qərarlaşıb. Ölkəmiz həmçinin Olimpiya Oyunlarında iştirakına görə ən güclü 30 dövlət arasında yer alıb. Əldə etdiyimiz bu nəticələr həm qürurverici, həm də tarixi nəticələrdir.

Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Dövlətimiz və cənab Prezident idmançılarımızın əziyyətini yüksək qiymətləndirir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Prezident çıxışında idmançılarımızı təbrik edib və öz xüsusi təşəkkürlərini bildirib.

İdmançılarımız Olimpiya Oyunlarında ölkələrinə 2 qızıl, 2 gümüş, 3 bürünc medal qazandırıb.  Nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Hidayət Heydərov və Zelim Kotsoyev cüdo üzrə qızıl medalın təmsilçiləridir. Onlar bu qələbələri ilə xalqımıza ilk günlərdən sevinc bəxş etdilər. Azərbaycanda idmanın bir çox növlərinin inkişafı sürətli və ardıcıl şəkildə gedir. Bu onu göstərir ki, Azərbaycan gələcək də daha çox qızıl medal qazana bilər. Hal-hazırda ölkə də idmançılara bir çox dəstək göstərilir.

Prezident öz çıxışında qeyd etdi ki, müəyyən istirahətdən sonra yeni hazırlıq prosesi başlayacaq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. İdmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir.

Dövlətimizin başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini vurğulayıb. Qazanılan bu uğurlarlar hər birimiz üçün fəxrdir. Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Bir çox ölkələrin iştirak etdiyi bu Olimpiya Oyunlarında Azərbaycanı qələbələri ilə təmsil edən idmançılarımız hər birimiz üçün ən dəyərli nümunə, örnəkdir. Güclü inam, əzm və vətənpərvərliklə hər bir vətəndaşımız dövlətimizi layiqincə təmsil edib, dünya ölkələrinə tanıdacaq gücdədir.