Şahin Seyidov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllimi
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu işğalda qalan torpaqlarımızı azad etdi. Silahlı Qüvvələrimizin intizamı, peşəkarlığı, eyni zamanda, müasir hərbi texnikanın tətbiqi ilə düşmən döyüş meydanında diz çökdü. Xüsusən də, ordumuzun Xüsusi Təyinatlı Qüvvələri döyüş meydanında peşəkarlıq, cəsarət göstərdi. Vətən müharibəsində təbii ki, digər qoşun növlərinin əməyini, xidmətini danmaq olmaz. Eyni zamanda, könüllülərdən ibarət dəstələr də müharibədə qələbə qazanılmasına töhfəsini verdi. Amma nəzərə almaq lazımdır ki, peşəkar ordu qüvvələrinin fəaliyyəti qələbənin əsas meyarı oldu.
Hər bir dövlət özünün ərazi bütövlüyü çərçivəsində Konstitusiyasını, qanunlarını tətbiq etmək hüququna malikdir. Bu hüquq bütün suveren dövlətlər kimi Azərbaycana da şamil edilir. Əgər hansısa dövlətin ərazisində qeyri-leqal rejim, xunta, yaxud ona bənzər vahid varsa, onlar həmin dövlətin mərkəzi orqanı tərəfindən terrorçu qismində tanınırlar. Bu, bütün dünyada qəbul olunmuş praktikadır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev Vətən müharibəsinin gedişatı zamanı keçirdiyi hərbi müşavirədə bildirmişdi ki, ordu quruculuğunda yeni meyarlara əsaslanmalı, bundan sonra modern üsullarla silahlı qüvvələrimiz inkişaf etdirilməlidir. Ölkə başçısı xalqa müraciətlərində bildirirdi ki, Azərbaycan Ordusunun daha da gücləndirilməsi üçün addımlar atılacaq.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə silah-sursat daşıması barədə məlumatlar var idi. Bütün bunlar Azərbaycanın müşahidəsi altında olub. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu. Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bu kimi gərginliyin qarşısının alınması üçün Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Azərbaycan Ordusu antiterror tədbirlərinə hər zaman hazır olduğunu və bütün nöqtələrin hədəflənməsini, ümumiyyətlə əməliyyat şəraitinin Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altında olmasını nəzərə alaraq, planda nəzərdə tutulmuş hədəflər zamana uyğun olaraq yerinə yetirildi. Vətən müharibəsində olduğu kimi, bütün tapşırıqlar dəqiq yerinə yetirildi və nəticə əldə edildi.
24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi və beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi.