Ölkəmizdə müxtəlif dini icmaların dinc şəraitdə birgə yaşaması multikultural dəyərlərin cəmiyyət həyatındakı rolunu nümayiş etdirir
Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nın Əmircan QIƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi
Azərbaycan regionda sülh tərəfdarı, iqtisadi güc mərkəzi, eyni zamanda, cənubi Qafqazda beynəlxalq layihələrin təşəbbüskarı olan ölkə kimi tanındığından Avropa İttifaqı üçün vacib, etibarlı və perspektiv əməkdaşdır. Bu amil həmçinin dünya miqyasında belə münasibətlərin davamlı inkişafını sürətləndirir.
Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda sabitliyin, əmin-amanlığın təmin olunması üçün münasibətlərin normallaşdırılması, sülh sazişinin bağlanması istiqamətində davamlı çağırışlar edib, təşəbbüslər göstərib və bölgədə hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi üçün nüfuzlu dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə təmaslarını genişləndirib.
Məhz belə bir şərairdə Azərbaycanın evsahibliyi ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqların, dinlərin və sivilizasiyaların nümayəndələrini bir araya gətirən beynəlxalq platforma kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki təcrübəsi əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinə, dini və mədəni müxtəlifliyə hərmətə əsaslanır. Ölkəmizdə müxtəlif dini icmaların dinc şəraitdə birgə yaşaması multikultural dəyərlərin cəmiyyət həyatındakı rolunu nümayiş etdirir. Dünyəvi dövlət quruluşu və müxtəlif mədəniyyətlərə açıq münasibət Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinə də möhkəm zəmin yaradır.
Hazırda nüfuzlu ölkələr və digər beynəlxalq siyasi mərkəzlər Cənubi Qafqazda Azərbaycanın ədalətli zəfəri fonunda reallığı tərənnüm edir və Ermənistanla sülh sazişinin imzalanmasını önəmli məsələ kimi dəyərləndirir. Çünki bölgədə sülh və əmin amanlığın bərqərar olması Azərbaycan və onun qonşularının mənafeyinə fayda gətirməklə bərabər, həm də bu regionda kommunikasiya bağlantılarının bərpası sayəsində qonşu dövlətlərinin dünya iqtisadiyyatına inteqrasiyasını gerçəkləşdirir, son nəticədə isə xalqların sosial şəraitinin yaxşılaşmasına müsbət təsir göstərir.
Azərbaycan Vətən müharibəsində ədalətin bərpasından sonra sülhyaratma prosesində qətiyyətli mövqeyi ilə daim diqqət çəkib. Çünki Azərbaycan haqlı olduğu üçün güclü iradə göstərərk, haqq yolundan çəkinməyib. Respublikamızın siyasi və iqtisadi müstəqilliyi isə mübarizəmizi daha da gücləndirir.