Ölkə başçısının imzaladığı sərəncamlar ana dilimizin qorunmasına, zənginləşməsinə xidmət edir
Lalə Həsənli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 268 saylı uşaq bağçası-körpələr evinin tərbiyəçi müəllimi
Azərbaycan dilinin dövlət dili kimi hüquqi status alması və qorunması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. SSRİ dövründə – sərt ideoloji senzura və imperiya təzyiqləri hökm sürdüyü bir vaxtda, 1978-ci il Azərbaycan SSR Konstitusiyasına Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili" maddəsi daxil edildi. Bu, həmin dövr üçün əsl tarixi qəhrəmanlıq və milli iradənin təntənəsi idi.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasında da Azərbaycan dili dövlət dili olaraq qəti şəkildə təsbit olundu. Heydər Əliyevin rəhbərliyi ilə ana dilimizin və əlifbamızın tətbiqi sahəsində mühüm fərmanlar imzalandı, latın qrafikalı əlifbaya keçid prosesi dövlət səviyyəsində reallaşdırıldı. Ulu Öndərin hər zaman vurğuladığı kimi, ana dilini sevmək, onu qorumaq, onu inkişaf etdirmək hər bir vətəndaşın, o cümlədən gənc nəslin müqəddəs borcudur.
Ulu Öndərin əsasını qoyduğu bu fundamental dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük ardıcıllıqla davam etdirilir. Ölkə başçısının imzaladığı sərəncamlar ana dilimizin qloballaşan dünyada qorunmasına, zənginləşməsinə və gələcək nəsillərə təmiz şəkildə ötürülməsinə xidmət edir. Bu çərçivədə Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar nəticəsində dünya ədəbiyyatının inciləri ana dilimizə tərcümə olunaraq milyonlarla tirajla çap edildi.
Dövlət dilinin tətbiqini təkmilləşdirmək, mediada, reklamda və rəsmi yazışmalarda ədəbi dil normalarına ciddi əməl olunmasını təmin etmək məqsədilə mühüm fərmanlar imzalandı. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda tarixi abidələrimizin, kitabxanalarımızın bərpası ilə yanaşı, ana dilimizin də o torpaqlarda yenidən qürurla səslənməsi təmin olundu.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, internet və sosial şəbəkələr ana dilimizin istifadə dairəsini genişləndirməklə yanaşı, bəzi yad təsirlərə məruz qalması təhlükəsini də yaradır. Lüzumsuz əcnəbi kəlmələrdən və slenqlərdən istifadə dilimizin saflığına xələl gətirə bilər. Buna görə də hər bir vətəndaş, xüsusilə də gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan ziyalılar və müəllimlər ana dilinin qrammatik qaydalarına böyük həssaslıqla yanaşmalıdırlar. Çünki atalarımızın dediyi kimi, dil millətin aynasıdır; o nə qədər təmiz və zəngin olarsa, həmin millətin də mədəniyyəti bir o qədər uca olar.