Ölkəmizdə hər il “Ana dili günü” təntənəli surətdə qeyd edilir

Ölkəmizdə hər il “Ana dili günü” təntənəli surətdə qeyd edilir

Xuraman Eyvazova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 268 saylı körpələr evi, uşaq bağçasının müdiri

Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.

Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib. Bir müddət fəaliyyət göstərsə də dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu.

Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci ildə oktyabrın 31-də Konstitusiyanın dövlət dili ilə bağlı keçirilən tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 13-də qəbul olunan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili Azərbaycan Respublikasının  Dövlət dili kimi təsbit olundu.

Azərbaycan Prezidentinin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli 506 saylı fərmanı,  Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında 4 iyul 2001-ci il tarixli 76 nömrəli sərəncamı,  “Azərbaycan əlifbası və azərbaycan dili gününün təsis edilməsi haqqında 9 avqust 2001-ci il tarixli 552 nömrəli sərəncamı və nəhayət 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını aydın proqramını verən tarixi şəxsiyyət Hetdər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.

Respublikamızda çoxsaylı təhsil işçiləri “Azərbaycan Respublikasının dövlət dili haqqında qanun”dan, eləcə də Ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti ilə bağlı imzaladığı silsilə fərmanlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində, Ulu öndərin dövlət dili ilə əlaqədar verdiyi müdrik göstərişlərin, irəli sürdüyü müddəa və ideyaların gerçəkləşməsində yaxından iştirak edirlər. Ölkəmizdə hər il “Ana dili günü” təntənəli surətdə qeyd edilir.

Azərbaycan dilinin inkişafı, yabançı təsirlərdən qorunması, təmizliyi istiqamətində Ulu öndər Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı Prezidentimiz İlham Əliyev  tərəfindən uğurla davam etdirilir.