Novruz bayramı Qarabağ və Şərqi Zəngəzurda zəfər təntənəsi ilə qeyd olunur
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı
Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır. Yazı – yeni günü qarşılama mərasimi əsrlər boyunca tarixi təkamül prosesi nəticəsində zəngin mədəni-mənəvi keyfiyyətlər qazanaraq geniş miqyasa malik xalq bayramına – Novruza çevrilmişdir. Bu baxımdan Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasim kompleksidir. Novruz bayramı özündə həddindən çox milli-mənəvi dəyərlərimizi cəmləşdirmişdir.
Novruz bayramı ürəklərdə saf duyğuların oyanması üçün, insanlar arasında səmimiyyət, mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqətinin artırılması üçün gözəl zəmin yaradır. Yaxınların yad olunması, umu-küsünün, kin-küdurətin aradan qaldırılması, cəmiyyətdə qarşılıqlı xoş münasibətlərin bərqərar olması Novruzun əsrlərin süzgəcindən keçərək formalaşmış gözəl ənənələrindəndir.
Müxtəlif adətlərlə zəngin olan Novruz bayramı ölkəmiz Azərbaycanla yanaşı Türkiyə, Qırğızıstan, Qazaxstan, Tacikstan, İran kimi ölkələrdə də qeyd olunur. Lakin minilliklər boyu bu bayram Azərbaycanda daha geniş və təmtəraqlı şəkildə qeyd olunmuşdur. Novruz bayramı hər zaman böyük coşquyla keçirildiyindən müxtəlif tarixi mərhələlərdə hakim ideoloji sistemlər ondan siyasi məqsədlər üçün istifadə etməyə cəhd etmişlər. Hətta Sovetlər birliyi dönəmində bu bayramın ölkəmizdə qeyd olunması yasaq edilmişdir. Ancaq xalqımız çətinliklə də olsa bu bayramı qeyd etmiş və çeşidli Novruz adətlərini yaşatmışdır.
Dövlətimiz müstəqillik əldə etdikdən və Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəyə qayıtdıqdan sonra Novruz bayramı ölkəmizdə rəsmi dövlət bayramı kimi daha böyük coşquyla qeyd olunmağa başlandı. Ulu Öndər Heydər Əliyevin hər il Bakıda İçərişəhərin qoşa qapısı qarşısında, küçə və meydanlarda keçirilən Novruz şənliklərində iştirak etməsi, şənliyə gələnlərin hər biri ilə səmimi görüşməsi əlamətdar hadisəyə çevrilirdi. Öz çıxışlarında o, Novruz bayramının müstəqil və suveren Azərbaycan dövlətinin rəsmi bayramları sırasına daxil olduğunu, doğma xalqımızın ən qədim mərasimlərini, adət-ənənələrini özündə yaşadan bu bayramın milli təfəkkürümüzün ayrılmaz hissəsinə çevrildiyini yüksək qiymətləndirirdi. Ümummilli Liderimiz vurğulayırdı ki, insanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuş, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq, bu günə qədər gəlib çatmışdır. Bu milli bayramımızın indi dövlət səviyyəsində geniş qeyd olunması Azərbaycanın müstəqilliyinin bəhrələrindəndir.
Ümummilli liderimizin siyasi kursunu hər bir sahədə uğurla həyata keçirən cənab Prezident İlham Əliyev Azərbaycan xalqının adət-ənənələrinin, mərasim və bayramlarının yaşadılması, milli ruhda zənginləşdirilməsi, onların xüsusən gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynaması kimi vacib məsələlərə də həmişə çox böyük diqqət yetirir. Prezident cənab İlham Əliyevin Azərbaycanın milli bayramı olan Novruz şənliklərində iştirak etməsi, xalqla bir olması müstəqil Azərbaycan Respublikası insanlarının birliyindən, sevincli günlərindən, parlaq sabahından xəbər verir. Dövlətimiz Novruz bayramına xüsusi önəm verir və artıq 2007-ci ildən bu bayram beş gün olaraq qeyd olunur. Cənab Prezident İlham Əliyevin Novruz bayramına olan münasibəti özünəməxsusluğu ilə seçilir. Bunu cənab Prezidentin hər il martın 20-də Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində də aydın görmək olur.
Cənab Prezident İlham Əliyev xalqımızın milli bayramı haqqında qeyd etmişdir ki, Novruz Azərbaycan xalqının ən əziz, ən sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Novruz bayramının dövlət səviyyəsində beş gün qeyd olunması onu göstərir ki, Azərbaycan xalqı bu bayrama ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır.
Həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olaraq xalqımızın Novruz kimi milli bayramının və bu bayramın çeşidli adətlərinin olmasını bu gün artıq bütün dünya bilir. Belə ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bundan əlavə, 21 mart BMT tərəfindən “Beynəlxalq Novruz günü” elan olunmuşdur. Bu hal bir daha bütün dünyaya Azərbaycan xalqının qədim mədəni-tarixə və zəngin irsə malik olduğunu sübut etmiş olur.
Xalqımızın 30 ilə yaxın bir müddətdə ən əsas arzularından biri işğal olunmuş torpaqlarımızın azad edilməsi və Novruz bayramının həmin torpaqlarda qeyd olunması idi. Ulu Öndər Heydər Əliyevin də həyatda ən ümdə arzularından biri məhz bu idi. 1998-ci il mart ayının 20-də məcburi köçkünlər üçün keçirilən Novruz tədbirində Ulu Öndər Heydər Əliyev - “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”, deyə qeyd etmişdi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasət nəticəsində rəaşdətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bununla da xalqımızın aruzusu, Ulu Öndərin isə vəsiyyəti reallaşmış oldu. Ötən il Novruz bayramında Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşada, Cıdır düzündə bayram tonqalını alovlandırması isə müstəqil Azərbaycanın tarixində unudulmaz bir hadisə idi. Artıq ikinci ildir ki, milli bayramımız olan Novruz əbədi, əzəli torpaqlarımız Qarabağ və Şəqri Zəngəzurda zəfər təntənəsi ilə qeyd olunur.