Növbədənkənar parlament seçkiləri ictimai sifarişdir
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının sədri
Seçkilər demokratiyanın gərəyi və tələbidir. Bütün müasir və mütərəqqi cəmiyyətlər seçkilər vasitəsi ilə öz gələcək inkişaflarını təmin edirlər. 2024-cü il bir çox dünya ölkələrində seçkilərin keçirildiyi bir ildir. Təkcə ölkəmizdə iki seçkinin keçirilməsinə şahidlik edirik. Rəsmi statistikaya görə maraqlı məqamlar meydana çıxmaqdadır. Belə ki, bu il 64 ölkədə seçirilmiş və yaxud da keçiriləcək seçkilərdə təxminən 4 milyard dünya vətəndaşı iştirak etmiş və yaxud da edəcəkdir.
Müasir Azərbaycanın öz müstəqilliyinin bərpasının 33-cü ildönümünü qeyd etdiyimiz bu il ölkəmiz öz suveren hüquqlarını və ərazi bütövlüyünü tam təmin etmişdir. Statusuna görə Prezident seçikiləri, Milli Məclisə seçkilər, daha sonra isə bələdiyyə seçkiləri yenilənməli və yeni reallıqlara uyğunlaşdırılmalı idi. Artıq Prezident seçkiləri bütün Azərbaycan Respublikasının ərazisində keçirilmişdir. İndi isə sıra növbədənkənar parlament seçkilərinindir.
9 fevral 2020-ci ildə keçirilmiş parlament seçkilərinin özü belə növbədənkənar seçkilər idi. Əgər seçkilər vaxtında keçirilsə idi, 2024-cü ilin noyabr ayının əvvəlində, öz vaxtında parlament seçkiləri keçirilməli idi. Hər iki növbədənkənar seçkiyə böyük bir zərurət vardır. 2020-ci ildə daha çox siyasi zərurət var idi. Belə ki, parlament institutunun mövqeyinin cəmiyyətdə gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrinin parlamentdə, xüsusilə də onun rəhbərliyində təmsil olunması vacib amillərdən idi. Azərbaycanın haqq işini dünyada tanıtmaq üçün qabiliyyətli, beynəlxalq siyasi arenada nüfuza malik insanların VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmaları gələcək qələbələrin əldə olunmasına hazırlıq idi.
Bu ilki parlament seçkiləri 2024-cü ilin noyabr ayında keçirilməli idi. Lakin nəzərə alsaq ki, noyabr ayında dünyanın ən böyük toplantısı, tədbiri olan COP29 Azərbaycanda keçiriləcək, o zaman biz seçkilərin niyə vaxtının cəmi iki ay əvvələ çəkildiyini daha yaxşı anlayırıq. Axı ölkəmizə 80 -100 min arası ehtimal olunan sayda qonaq gələcək. Bu qonaqların qarşılanması və Azərbaycan xalqının milli qonaqpərvərliyinin nümayiş olunması üçün seçkilərin vaxtının dəyişdirilməsi çox mühum məsələ idi. Seçkilərlə üst-üstə düşən COP29-un vaxtının dəyişdirilməsi isə mümkün deyildir. Beynəlxalq səviyyədə bu məsələ öz həllini tapmışdır. Məhz bu səbəbdən biz parlament seçkilərinin vaxtını iki ay əvvələ çəkməli idik. Bu həm də məsələnin həlli istiqamətində atılmış müdrik və praqmatik addımdır.
Əlbəttə, nəyi, nə zaman edəcəyini möhtərəm Prezident hamıdan yaxşı bilir. O zaman da belə idi, bu gün də növbədənkənar parlament seçkiləri xalqın sosial sifarişidir.
Əminəm ki, sizlər cənab Prezidentin 2020-ci ildə parlamentin ilk iclasındakı çıxışını dinləmisiniz. Orada bütün hədəflər, bütün istiqamətlər dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpasına yönəlmişdi. Artıq biz elə həmin ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi və daha sonra icra olunmuş anti-terror əməliyyatı ilə qarşıya qoyulmuş hədəfə tam çatmışıq. Bu prosesdə xalqımızın, dövlət başçımızın ən böyük dəstəyi Azərbaycan xalqının iradəsini özündə əks etdirən Milli Məclis olmuşdur. İstər ölkə daxilində, istərsə də ölkədən xaricdə, beynəlxalq qurumlarda, təşkilatlarda Milli Məclis ölkəmizi, dövlətimizi, xalqımızı ləyaqətlə təmsil etmiş və Vətən müharibəsinin hüquqi, ictimai-siyasi və ideoloji tərəfini təmin edə bilmişdir. Bir sözlə, VI çağırış Azərbaycan Respublikasının Milli Məclisi öz milli-mənəvi və hüquqi öhdəliyini və missiyasını sözün bütün mənalarında yerinə yetirə bilmişdir. Mən deyərdim ki, mövcud parlament ən çətin sınaqlardan ləyaqətlə çıxa bildi. Müzəffər Ali Baş Komandanla, rəşadətli Ordumuzla, yanaşı Milli Məclisimizi də qalib Məclis adlandırmaq olar. Çünki məhz onların fəaliyyəti dövründə ölkəmiz tarixi qələbə qazanmışdır.
İndi qarşıda yeni reallıqların fövqündə yeni planlar, yeni hədəflər, yeni yanaşmalar durur. Ölkəmiz öz hədəflərinə doğru iri addımlarla irəliləyərkən ona hüquqi bazanın işlənib hazırlanması və xalqla dövlət arasında mənəvi körpü rolunda çıxış etmək üçün daha dinamik və yeni hədəfləri tam qəbul etmiş parlament lazımdır. Hesab edirəm ki, VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə, onun fəaliyyətinə, zəhmətinə təşəkkür edərək yeni seçkilərin keçirilməsinin tam vaxtıdır. Əminəm ki, VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinin yeni seçiləcək deputatları həm Qarabağda, həm də Şərqi Zəngəzurda həyata keçiriləcək “Böyük Qayıdışa”, yenidənqurmaya öz əməli töhfələrini verəcəklər. Belə ki, hər bir qərarın arxasında qanun bazası durmalıdır. Hər bir siyasi qərar qanuna əsaslanmalıdır. Belə olan təqdirdə yeni seçiləcək deputatların çiyinlərinə böyük məsuliyyət düşməkdədir.
Siyasi Partiyalar haqqında yeni qanun artıq qəbul olunub. Qanun siyasi partiyaların hüquqlarını müəyyən etdiyi kimi vəzifələrini də müəyyən etmişdir. Belə ki, hər bir siyasi partiyanın seçkilərdə iştirak etmək öhdəliyi vardır. Bu həm də çox təbii bir qaydadır. Çünki siyasi partiyaların var olma, fəaliyyət göstərmə səbəbi əslində seçkilərdə iştirak etmək, əsas hədəfi isə qalib gəlməkdir. Bunu etməyən, cəmiyyətdə suyu bulandıran və bütün seçkiləri boykot edərək özlərini siyasi partiya adlandıran qurumlar və orada təmsil olunan bir neçə adam öz fəaliyyətini mütləq yenidən nəzərdə keçirməlidirlər.
Qeyd etmək istərdim ki, 1 sentyabr növbədənkənar parlament seçkiləri elan edildikdən sonra müxalifətdə təmsil olunan bir çox partiya seçkilərdə iştirak edəcəyini bəyan etmişdir. Hətta öz radikal mövqeləri ilə seçilən partiyalar da seçkilərdə öz namizədləri ilə təmsil olunacaqlar. Onlar ölkədə yaşanan seçki həyacanın bir parçası olmaqla, əslində öz düşərgələrində təmsil olunan üzvlərinin gözləntilərinə də cavab vermiş olacaqlar. Lakin hələ də qeyri-konstruktiv mövqeyə malik, xəstə təfəkkürlü siyasi qurumlar vardır. Nə onların, nə də o qurumların ətrafında toplanan üzvlərin sayları yetərincə deyildir. Xalq arasında nüfuzunu itirən bu adamlar seçkilərdə açıq məğlub olacaqlarını bildikləri üçün 1 sentyabr növbədənkənar parlament seçkilərini də güya boykot etdiklərini elan ediblər. Əslində isə seçkilərdə məğlubiyyətlərini pərdələyiblər. Yaxşı bir söz var. Deyərlər ki, “günəşi palçıqla suvamaq olmaz”. Xalq gözəl bilir ki, sosial bazası olmayan bir qrup adam əslində seçkilərdən qorxub, çəkinib kənarda durublar.
Bilirsiniz ki, Azərbaycanın siyasi palitrasında müxtəlif rənglər mövcuddur. 50-dən çox siyasi partiya dövlətin idarə olunmasında söz sahibi olmaq istəsə də, Azərbaycan xalqı 31 ildir ki, hakimiyyət sükanını Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına əmənət etmişdir. Eyni zamanda da parlamentdə ən çox millət vəkili ilə təmsili olan doğma partiyamız hər zaman siyasi proseslərin flaqmanı olmuşdur. Ən cəsarətli qərarların parlamentdə qəbul olunmasında Milli Məclisdə YAP-ı təmsil edən millət vəkillərinin böyük xidmətləri vardır. Hesab edirəm ki, yeni keçiriləcək parlament seçkilərində də doğma partiyamız qələbə çalacaq və ölkəmizin gələcək inkişafında söz sahibi olacaqdır. Əlbəttə, qələbəyə əminliyin formalaşmasında ən böyük amil doğma partiyamızın cəmiyyətdəki nüfuzu ilə yanaşı, deputatlığa namizədlərin də doğru seçimidir. Belə ki, iyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilmiş və Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin siyahısı elan edilərək müzakirələrdən sonra təsdiq olunmuşdur. Artıq YAP-ın namizədlərinin rəsmi elan olunmasından bir neçə gün keçir və cəmiyyətimizdə doğma partiyamızın seçiminə olan münasibəti çox müsbət dəyərləndirmək olar. Bu da əsas verir deyək ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində YAP növbəti dəfə qələbə əldə edəcəkdir.
1993-cü ilin sentyabrından öz fəaliyyətinə başlayan YAP Suraxanı rayon təşkilatı bu günə qədər rayon ərazisində çoxsaylı seçkilərdən uğurla çıxmağı bacarmışdır. Partiyanın İdarə Heyəti tərəfindən müəyyən olunmuş namizədlərin hüquqlarının müdafiəsi və təbliğatı ilə əlaqədar bütün işləri ləyaqətlə həyata keçirmişdir. Qarşıdan gələn seçkilərdə yerli təşkilatımızın ətrafında birləşən üzvlərlə birgə bir yumruq kimi növbəti və eyni zamanda da növbədənkənar demokratiya bayramına - seçkilərə hazırıq.
Doğma partiyamıza seçkilərdə uğurlar arzulayırıq!