Naxçıvanın tarixi və mədəni irsinin qorunması mühüm məsələlərdəndir

Naxçıvanın tarixi və mədəni irsinin qorunması mühüm məsələlərdəndir
Yeganə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 290 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

2026-cı il avqustun 11-də Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib. İlham Əliyevin sözlərinə görə bu, onun Prezident kimi Naxçıvana 17-ci səfəridir. Səfər çərçivəsində Naxçıvanın sosial-iqtisadi inkişafı, müdafiə potensialının gücləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu, sənaye, kənd təsərrüfatı və turizm sahələrində görülən və görüləcək işlər barədə mühüm fikirlər səsləndirilib.

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsi əsas istiqamətlərdən biri kimi qeyd olunub. Bu məqsədlə müxtəlif layihələr həyata keçirilir, yeni iş yerlərinin yaradılması və müasir sənaye komplekslərinin qurulması nəzərdə tutulur. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması da bu baxımdan mühüm addımlardan biridir. Parkın tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası planlaşdırılır.

Naxçıvanın enerji təhlükəsizliyinə də xüsusi diqqət yetirilir. Muxtar respublikada qazlaşma 100 faizdir. Bundan əlavə, Günəş və su elektrik stansiyalarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Naxçıvanın Günəş enerjisi potensialının böyük olduğu bildirilir və gələcəkdə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Məqsədlərdən biri yalnız enerji təminatını gücləndirmək deyil, həm də gələcəkdə elektrik enerjisinin ixrac imkanlarını genişləndirməkdir.

Naxçıvanın tarixi və mədəni irsinin qorunması da mühüm məsələlərdəndir. Qədim tarixə və zəngin memarlıq mədəniyyətinə malik olan Naxçıvanda tarixi abidələrin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin bərpası və Əcəmi Naxçıvaninin xatirəsinə ucaldılan abidə bu istiqamətdə görülən işlərdəndir. Bu işlərin əsasını milli kimlik, milli ruh, mədəniyyət, dil, ədəbiyyat və tarix təşkil edir.

Səfər zamanı Zəngəzur dəhlizinin əhəmiyyəti də xüsusi vurğulanıb. Bu dəhlizin Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi ilə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qollarından birinə çevrilməsi nəzərdə tutulur. Naxçıvan dəmir yolunun yenidən qurulması və yükdaşıma imkanlarının artırılması regionun iqtisadi fəallığına və yeni iş yerlərinin yaranmasına böyük təsir göstərə bilər.

Naxçıvanın sosial və şəhər infrastrukturunun inkişafı da diqqət mərkəzindədir. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi, rayonlararası nəqliyyat üçün müasir avtobusların alınması, müxtəlif yaşayış məntəqələrində yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Kənd təsərrüfatının inkişafı üçün suvarma layihələrinin həyata keçirilməsi, yeni artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması da planlaşdırılır.

Naxçıvanın turizm potensialının inkişaf etdirilməsi də qarşıya qoyulan əsas məqsədlərdəndir. Bölgənin zəngin tarixi abidələri, gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri turizmin inkişafı üçün geniş imkanlar yaradır. Bu məqsədlə yeni mehmanxanaların tikilməsi və turizm infrastrukturunun yaxşılaşdırılması nəzərdə tutulur.

Ümumilikdə, Prezident İlham Əliyevin səfəri zamanı Naxçıvanın gələcək inkişafı ilə bağlı geniş planlar açıqlanıb. Enerji təhlükəsizliyi, nəqliyyat, sənaye, kənd təsərrüfatı, sosial infrastruktur, turizm və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərin Naxçıvanın daha da inkişafına xidmət edəcəyi vurğulanıb. Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsi, insanların burada rahat, təhlükəsiz və firavan yaşaması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

Paylaş