Mən bir gənc kimi Vaşinqton görüşünün nəticələri ilə qürur duyuram

Ülviyyə Şeydayeva
YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü
Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Vaşinqton görüşü illərlə davam edən qarşıdurmaların fonunda yeni siyasi reallığın formalaşdığını göstərir. Avqustun 8-də keçirilən görüş Cənubi Qafqazda uzunmüddətli sülhün təminatı üçün mühüm dönüş nöqtəsi oldu. Mən bir gənc kimi öz dövlətimlə, xalqımla və rəhbərimlə qürur duyuram və bildirirəm ki, bu gün Azərbaycan gəncliyinin yaddaşına ömürlük həkk olunacaq. Prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən gərginliyin həllinə yönəlmiş ən ciddi siyasi sənədlərdən biri kimi tarixə düşdü. Bu gün həqiqətən də tarixi bir gündür.
Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Prezident cənab İlham Əliyevin ABŞ-a rəsmi səfəri və Ağ Evdə keçirilmiş yüksək səviyyəli görüşlər Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident Trampla görüş çox səmimi şəkildə və dostluq şəraitində keçib. Görüşlərdə ikitərəfli əməkdaşlığın əsas istiqamətləri üzrə konkret yol xəritəsi formalaşdırılıb, tərəflərin qarşılıqlı maraqları strateji çərçivədə uzlaşdırılıb.
Bu təşəbbüs regionda sülh prosesinin formal bəyanatlardan real siyasi gündəliyə çevrilməsi baxımından strateji dönüş nöqtəsi hesab oluna bilər. Burada söhbət yalnız iki ölkə arasında münasibətlərin normallaşmasından getmir, imzalanan sənəd həm də Cənubi Qafqazın geosiyasi xəritəsində təhlükəsizlik və əməkdaşlıq mərkəzli yeni bir sistemin əsasını qoyur. ABŞ-ın vasitəçilik missiyası və prosesə birbaşa siyasi dəstək verməsi sənədin beynəlxalq legitimliyini artırır, region ölkələrinin bundan sonrakı addımlarına təsir imkanlarını genişləndirir.
Səfər çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə qəbul olunmuş sənəd Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsinə mühüm töhfə verir. Bu nəqliyyat marşrutu – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) başqa bir tarixi nailiyyət olacaq. Bu sənədin icrası regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün siyasi baza formalaşdırır. “Tramp Marşrutu” layihəsinin reallaşdırılması və Naxçıvanla quru əlaqəsinin bərpası, həm nəqliyyat, həm də iqtisadi baxımdan ölkənin strateji mövqeyini gücləndirir.
“Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma memorandum imzalanıb. Azərbaycan və ABŞ arasında yaradılmış Strateji İşçi Qrupu isə enerji, təhlükəsizlik, ticarət, nəqliyyat və iqlim dəyişikliklərinə qarşı mübarizə kimi prioritet sahələrdə əməkdaşlığı daha sistemli əsasda inkişaf etdirmək məqsədi daşıyır. Bu platforma, ikitərəfli münasibətlərin yalnız cari maraqlar deyil, həm də uzunmüddətli strateji məqsədlər üzərində qurulmasına imkan yaradır.
Səfər zamanı ABŞ Konqresinin 907-ci düzəlişinin dayandırılması barədə açıqlamalar isə Azərbaycanın siyasi mövqeyinin tanınması baxımından mühüm addım hesab olunur. Bu, Vaşinqtonun Azərbaycanla əməkdaşlığa verdiyi yeni strateji önəmin göstəricisidir. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.
Beləliklə, dünya siyasətini öyrənən, izləyən, milli ruhda formalaşan bir gənc olaraq deyə bilərəm ki, Azərbaycan şəhidlərimizin qanı bahasına döyüş meydanında əldə etdiyi şanlı zəfəri cənab Prezidentin dahi siyasəti nəticəsində dünya birliyinə qəbul etdirə bildi. Bu tarixi səfər və imzalanmış sənədlər Azərbaycan üçün regional və qlobal miqyasda yeni geosiyasi imkanların açılması baxımından strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.