Milli yaddaşımızı qorumaq məqsədilə Xocalı Memorialı yaradılmışdır.
Sənan Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 23 saylı şəhər poliklinikasının baş həkimi
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan hərbi birləşmələri tərəfindən dəhşətli soyqırım hadisəsi törədilib. Faciə zamanı 613 nəfər qətlə yetirilib, bəzi ailələr yer üzündən silinib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə bir valideynini itirib. Bu 20 - ci əsrdə törədilmiş insanlıq əleyhinə ən böyük və dəhşətli soyqırım hadisəsidir, belə ki, insanlari öldürdükdən sonra belə onlara şiddət və təhqiramiz hərəkətlər törədilmişdir.
Bu il bu faciənin 34- cü ildönümüdür, lakin xalqımız bu hadisələri bir an belə unutmamışdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində yaradılmış Xocalı Soyqırımı Memorialınin açılışında iştirak ediblər. Bu layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış konsepsiya əsasında yaradılmışdır. 2025- ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək , tarixi həqiqətlərin gələcək nəsillərə çatdırmaq , dünyaya bir daha səslənmək, milli yaddaşımızı qorumaq məqsədilə Xocalı Memorialı yaradılmışdır.
Memorialın açılışında çıxış edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, bu layihənin həyata keçirilməsi üçün Bakı şəhərində bir neçə yerlərə baxılmışdır, lakin, nə isə bu sərəncamın imzalanmasına mane olurdu, çünki Qarabağ hələ azad deyildi. Nəhayət o gün gəldi və bu gün Azad Xocalı şəhərində möhtəşəm Soyqırım Memorialı yaradıldı.
Bu illərdə Azərbaycan Respublikası, xalqımız, ordumuz uzun hazırlıq yolu keçmişdir. "Xocaliya ədalət" kompaniyası çərçivəsində bir çox ölkələrin parlamentləri Xocalı soyqırımını tanıdı, bukletlər, kitablar, tanıdıcı filmlər, yürüşlər, təbliğat kompaniyaları, bir çox ölkələrdə görüşlər keçirildi, güclü iqtisadiyyat yaradıldı. Sonra 44 günlük müharibədə Ermənistan ordusu məğlub oldu,15 minlik ordu tərksilah edildi,antiterror əməliyyatları uğurla həyata keçirildi. on uğur isə xalqımıza qarşı törədilmiş hərbi cinayətlərdə iştirak etmiş cəlladların tutulub mühakimə olunaraq layiqli cəzaya çatdırılmasıdır.
Azərbaycan xalqı bu hadisələri heç vaxt unutmamalıdır, daim güclü iqtisadiyyata, orduya, diplomatik əlaqələrə malik olmalıdır. 44 günlük müharibədə və sonrakı dövrdə bəzi ölkələrin mövqeyi hamıya məlumdur. Bütün bu faktorlara baxmayaraq Azərbaycan xalqı, ordusu, iqtidarın yüksək səviyyədə təşkil etdiyi siyasi və hərbi əməliyyatlar nəticəsində misli görünməmiş tam və mütləq qələbə qazandı. Qoy xalqımız daim sülh və əmin-amanlıq şəraitində yaşasın.