Milli Qurtuluş Fəlsəfəmiz Suverenliyimizin və Sağlam Gələcəyimizin Təminatçısıdır

Arzu Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
1 saylı Birləşmiş Uşaq Xəstəsəxanasının baş həkimin müavini
Bildiyiniz kimi iyun ayı Azərbaycan xalqının həyatında bir sıra müstəsna tarixi hadisələrlə, tarixi günlərlə yadda qalıb. Bu tarixi günlərdən biri də 15 İyun- Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyini təhlükədən xilas edən, onun qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və xalqına ürəkdən inan böyük dövlət adamı Heydər Əliyevdir.
Bu gün biz Azərbaycanın taleyini dəyişən, dövlətçilik tariximizin dönüş nöqtəsi olan 15 İyun- Milli Qurtuluş Gününü dərin ehtiramla yad edirik. 1993-cü ilin məhz bu günü Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin siyasi xaosdan, vətəndaş qarşıdurmasından, parçalanma təhlükəsindən xilas olduğu gündür. Ulu Öndərin ölkə rəhbərliyinə gəlişi ilə Azərbaycan təkcə dövlətçiliyini qoruyub saxlamaqla kifayətlənmədi, həm də öz müstəqilliyini möhkəmləndirməyə başladı. Onun uzaqgörən siyasəti və milli maraqlara söykənən qərarları nəticəsində ölkədə sabitlik və inkişaf üçün münbit tarixi şərait formalaşdı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Türk dünyasının böyük oğlu Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətin əsasını qoydu. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. 1993-cü il oktyabrın 3-də Ümummilli Liderin xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçilməsi isə bu tarixi prosesi sürətləndirdi.
Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi bütün sahələrdəki böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyası ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.Və ən önəmlisi Azərbaycanda Milli və müasir hərbi tələblərə cavab verən Ordu quruculuğu başlanıldı.
Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu isə doğma Vətənə xidmət nümunəsi kimi yaddaşlara yazılıb. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, şanlı tariximizin əbədiyaşar dahisinə çevrilib. Xalqımız xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edib.
Bu siyasi və milli iradə yolunun davamı olaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu qurtuluş mirasını daşıyaraq onu zəfərlərlə taclandırdı. O, təkcə sosial-iqtisadi sabitliyi və inkişafı deyil, həm də xalqımızın 30 illik torpaq həsrətinə son qoyaraq tarixi Zəfərimizi bizə yaşatdı. Müzəffər Ali Baş Komandan kimi o, 44 günlük Vətən müharibəsində dövlətimizin və xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Cənab Prezidentin rəhbərliyi ilə bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, Böyük Qayıdış gerçəyə çevrilir. Bu proses bir daha sübut edir ki, qurtuluşdan başlayan yol bu gün artıq Qələbə, Tərəqqi və Dirçəliş yoludur.
Biz səhiyyə işçiləri olaraq yaxşı bilirik ki, sağlam cəmiyyət ancaq sabit və güclü dövlətin içində inkişaf edə bilər. Məhz bu sabitlik və liderlik sayəsində bu gün səhiyyə sahəsində də mühüm islahatlar aparılır, vətəndaşlarımızın sağlamlığına xüsusi qayğı göstərilir.
Qoy 15 İyun – Milli Qurtuluş Günü xalqımızın yaddaşında daim birlik, xilaskar iradə və güclü dövlətçiliyin simvolu olaraq yaşasın!