Laçının geri qaytarılması Azərbaycanın böyük hərbi-siyasi qələbəsidir
İmmi Ələkbərova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Tibb Mərkəzi 3 nömrəli Doğum Evinin baş həkimi
Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal ərəfəsində rayonda 60 min nəfərə yaxın azərbaycanlı və kürd yaşayırdı. 1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran hökm sürürdü . Cəbhə bölgəsində, o cümlədən Laçında yerləşdirilən AXC batalyonları mövqelərini tərk edərək Bakıya üz tutmuşdu. Vəziyyətdən xəbərdar olan erməni komandanlığı Laçına hücum əməliyyatına başlayır. Həmin gün Laçın şəhəri işğal edilir və yağmalanaraq yandırılır. Şəhərin 8 minə yaxın əhalisi qaçqın düşür. Laçının işğalı ilə ermənilər Azərbaycanın mühasirəsini yarmış, Ermənistanla Xankəndini ayıran yeddi kilometrlik dəhlizi aradan götürmüşdü.
Tarixçi Mixail Jiroxova görə, Laçının işğalı erməni ordusunun müharibə illərindəki əsas nailiyyəti olmuşdu, çünki bundan sonra keçmiş Dağlıq Qarabağdakı erməni qüvvələrinin hərbi imkanları dəfələrlə artmışdı. Bu, Ermənistan tərəfində status-kvonun beynəlxalq səviyyədə tanınmasına və Qarabağ məsələsinin yekun həllinə imkan verəcək yeni hərbi-siyasi vəziyyət illüziyasının formalaşmasına səbəb olmuşdu.
Ermənistan dövlət rəsmiləri Laçını keçmiş Dağlıq Qarabağ erməniləri üçün humanitar dəhliz kimi təqdim edirdi. Həmin vaxt Misirdə olan Ermənistan Prezidenti Levon Ter-Petrosyan demişdi ki, Azərbaycan ərazisindən Ermənistana dəhliz açıldığı halda Dağlıq Qarabağ əhalisinin ərzaq və dərman çatışmazlığından qurtulacaqdı. Beynəlxalq ictimaiyyət erməniləri Azərbaycanın ərazi bütövlüyünün Laçının işğal edilməsi nəticəsində pozulmasına görə tənqid etmişdi. Buna baxmayaraq, Ermənistan və Dağlıq Qarabağın Azərbaycan tərəfindən blokadası özlüyündə insan haqları pozuntusu hesab edildiyindən beynəlxalq ictimaiyyət əsasən passiv və susqunluq nümayiş etdirirdi. Jirayr Liparityana görə, beynəlxalq ictimaiyyət Laçının işğalına görə müəyyən dərəcədə şoka düşmüşdü. Buna baxmayaraq, işğala sərt reaksiya verilməmişdi. BMT Təhlükəsizlik Şurası bu yeniliyi qınayan qətnamə qəbul etməmişdi. Bu diqqətsizliyə səbəb olan amillərdən biri də münaqişənin hələ nisbətən yeni olması idi. İşğaldan sonra Rusiya və Türkiyə Laçının işğalı və münaqişənin davam etməsindən dərin narahatlıq yaşadığını bəyan etmişdir.
Qeyd etmək istəyirəm ki, 01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Əslində hər birimiz tam əmin idik ki, siyasi yolla olmasa belə hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu, birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi.
Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilmişdir. Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri davam etdiriləcəkdir.