LAÇIN: TARİXDƏN GƏLƏCƏYƏ UZANAN DİRÇƏLİŞ YOLU Laçının tarixi və işğal illəri

LAÇIN: TARİXDƏN GƏLƏCƏYƏ UZANAN DİRÇƏLİŞ YOLU  Laçının tarixi və işğal illəri

Məryəm Süleymanova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 76 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi 

Laçın Azərbaycanın qədim və zəngin tarixi keçmişə malik bölgələrindən biridir. Möhtəşəm dağları, saf havası, zəngin təbiəti, meşələri, çayları və strateji coğrafi mövqeyi ilə seçilən bu diyar əsrlər boyu Azərbaycan xalqının tarixi-mədəni irsinin mühüm məkanlarından biri olub. Bu gün Laçın həm də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, Böyük Qayıdışın və Azərbaycanın iqtisadi inkişafının simvollarından birinə çevrilib.

1923-cü ildə yaşayış məntəqəsi kimi formalaşan Laçın sonrakı illərdə rayon mərkəzinə çevrilib. Rayon zəngin təbii ehtiyatları, əlverişli coğrafi mövqeyi və gözəl təbiəti ilə Azərbaycanın mühüm bölgələrindən biri olub. 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımızın tarixində ağır faciələrdən biri kimi yadda qalıb. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılıb, əhalisi doğma yurd-yuvalarından didərgin düşüb, tarixi və mədəni irsə ciddi ziyan vurulub. Minlərlə insan uzun illər doğma torpaqlarından uzaqda yaşamağa məcbur olub Lakin Laçın sakinlərinin doğma yurda qayıtmaq ümidi heç vaxt sönməyib. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərdən sonra bu ümid gerçəyə çevrilməyə başladı.

2022-ci il avqustun 26-sı Laçın şəhərinin Azərbaycan nəzarətinə qaytarılması ilə tariximizin yeni səhifəsi açıldı. Bu əlamətdar gün Prezident İlham Əliyevin sərəncamı ilə Laçın Şəhəri Günü kimi təsis edildi. Laçının azad olunmasından sonra şəhərdə və rayonda genişmiqyaslı bərpa-quruculuq layihələrinə başlanıldı. Dövlət başçısının Laçına çoxsaylı səfərləri zamanı mühüm sosial, iqtisadi və infrastruktur layihələrinin təməli qoyuldu, yeni obyektlər istifadəyə verildi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edildi.

Laçının dirçəlişi yalnız binaların yenidən qurulması ilə məhdudlaşmır. Burada müasir şəhər infrastrukturu, yollar, enerji sistemləri, sosial obyektlər, yaşayış kompleksləri, sənaye müəssisələri və turizm infrastrukturu yaradılır. Laçın rayonunun gələcək inkişafında enerji sektorunun xüsusi əhəmiyyəti var. Rayonun dağlıq relyefi və zəngin su ehtiyatları hidroenergetika üçün əlverişli imkanlar yaradır.

İşğal dövründə dağıdılmış və fəaliyyəti dayandırılmış su elektrik stansiyalarının yenidən qurulması ilə yanaşı, yeni elektrik stansiyalarının yaradılması istiqamətində də mühüm işlər görülür. Zabux, Qarıqışlaq, Minkənd, Ağbulaq və digər ərazilərdə həyata keçirilən enerji layihələri Laçının enerji potensialından səmərəli istifadə edilməsinə imkan verir.

Laçında istehsal olunan enerjinin rayonun öz tələbatını ödəməklə yanaşı, ölkənin enerji sisteminə də töhfə verməsi nəzərdə tutulur. Bu isə Laçının gələcəkdə Azərbaycanın yaşıl enerji məkanlarından birinə çevrilməsi üçün mühüm zəmin yaradır.

Laçının dirçəlişində nəqliyyat infrastrukturu da mühüm yer tutur. Kəlbəcər-Laçın avtomobil yolunun yenidən qurulması və genişləndirilməsi regionun digər rayonlarla əlaqəsini daha da asanlaşdırır. Yeni tunellərin və yol infrastrukturu obyektlərinin inşası dağlıq relyefin yaratdığı çətinliklərin aradan qaldırılmasına imkan verir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Hava limanı Laçının və ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq nəqliyyat əlaqələrinə inteqrasiyasına mühüm töhfə verir.

Laçının yenidən qurulmasının ən mühüm məqsədlərindən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etməkdir. 2023-cü ildən etibarən Laçın rayonunun kəndlərinə və şəhərinə keçmiş sakinlərin qayıdışı başlayıb. Zabux, Sus, Bəylik və digər yaşayış məntəqələrində yeni evlər tikilir, sosial obyektlər yaradılır, yollar və kommunal infrastruktur yenilənir.

Bəylik kəndində yeni yaşayış məhəlləsinin salınması, məktəb, uşaq bağçası, inzibati və sosial obyektlərin yaradılması kənd həyatının müasir standartlara uyğun şəkildə bərpa edilməsinə xidmət edir. Zabux kəndində də genişmiqyaslı tikinti və abadlıq işləri həyata keçirilir. Keçmiş sakinlərin öz evlərinə qayıtması Laçının dirçəlişinin ən təsirli göstəricilərindən biridir.

Beləliklə, Laçın artıq təkcə tarixi və strateji əhəmiyyətli yaşayış məntəqəsi deyil, həm də regionun mühüm nəqliyyat qovşaqlarından birinə çevrilməkdədir.

Paylaş