Nizaməddin Ağcayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru
Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan və buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı. Ermənistanın 30 il ərzində yaratdığı “yenilməz” ordu rəşadətli Azərbaycan Ordusu qarşısında sadəcə 44 gün tab gətirə bildi. Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın edərək canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Post-müharibə dövründə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs dini-inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlanır. Böyük qayıdış proqramı çərçivəsində yerli əhalinin doğma torpaqlara qayıtması və yaşaması üçün zəruri infrastruktur sahələri yaradılır. Artıq Zəngilan, Füzuli, Laçın rayonlarına köç başlamışdır. Uzun illər dədə-baba yurd-yuvasından, evlərindən məcburi köçkün düşmüş həmvətənlərimiz öz doğma yurdlarına geri qayıdırlar.
01.12.2020-ci ildə işğaldan azad edilmiş Laçın rayonu yendən qurulur. Laçın “koridor”u (dəhlizi) Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli coğrafi ərazidir. Ərazi etibarı ilə təbii resurslarla zənginliyi Laçın “koridor”unun əhəmiyyətini daha da artırır. Bu baxımdan mənfur düşmənlərimiz ərazinin geri qaytarmaq üçün dəridən- qabıqdan çıxır və müxtəlif təxribata əl atırlar. Mövcud vəziyyət, yəni təxribatçı qruplar üçün humanitar yardım adı lə silah-sursatın daşınması Laçın sərhəd-buraxılış məntəqəsinin yaranmasını zəruri etdi. 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi terrorçuların silahlanmasının qarşısını almaqla bərabər, ölkəmizə məxsus olan sərvətlərin talanaraq aparılmasına imkan vermir. Sərhəd rejimi qısa müddət ərzində öz uğurlu nəticəsini verməkdədir. Bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək Azərbaycan dövlətinin qanunlarına tabe olmağa məcburdurlar.
Sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində silah, sursat, mina və xarici terrorçuların daşınmasının, ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır. “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr dezinformasiya yaymaqla məşğuldurlar və ciddi cəhdlə humanitar böhran yalanını uyduraraq beynəlxalq aləmdə yenə də növbəti yazıq və o cümlədən hiyləgər simalarını nümayiş etdirirlər.
BMT Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirməsi erməni siyasətinin çirkin üzünü bir daha ortaya qoymuş oldu. Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları əsaslı dəlillərlə rədd edildi. Ermənistanın Laçın sərhəd buraxılış-nəzarət məntəqəsi ətrafında qaldırdığı hay-küy heç bir nəticə verməyəcək. “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasını ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır və Ermənistan əsla Azərbaycanın daxili işlərinə qarışa bilməz.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində vurğuladığı kimi: "Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var".