Dağ-Mədən və Metallurgiya Sahəsində Strateji Addımlar
Bəhmən Məmmədov
Hövsan QİƏD Üzrə Nümayəndəliyinin baş məsləhətçisi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Azərbaycan iqtisadiyyatının inkişafında qeyri-neft sektorunun genişləndirilməsi son illərdə əsas istiqamətlərdən biri kimi diqqət çəkir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi də bu sahəyə göstərilən diqqətin növbəti nümunəsi oldu. Dövlət Proqramı sentyabrın 23-də Prezidentin sərəncamı ilə təsdiqlənib.
Müşavirədə çıxış edən Möhtərəm Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesini ölkə iqtisadiyyatı üçün perspektivli sahələrdən biri kimi qiymətləndirib. Bu sahənin inkişafı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sənayesinin gücləndirilməsi və ölkənin ixrac imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Yeni Dövlət Proqramının 2027–2030-cu illəri əhatə etməsi qarşıdakı dörd il ərzində bu istiqamətdə konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Proqramın əsas məqsədlərindən biri ölkənin mineral xammal ehtiyatlarından daha səmərəli istifadə etmək və xammalın yalnız hasilatı ilə kifayətlənməyərək onu ölkə daxilində emal etməkdir. Yəni filizin çıxarılmasından başlayaraq zənginləşdirilmə, emal, yarımfabrikat və hazır məhsul istehsalına qədər uzanan dəyər zəncirinin yaradılması nəzərdə tutulur. Bu yanaşma Azərbaycanda daha çox əlavə dəyər yaradan məhsulların istehsalına və sənayenin inkişafına imkan verə bilər.
Dövlət Proqramında “Dəmirli”, “Söyüdlü”, “Filizçay”, “Daşkəsən” və digər yataqlardan daha səmərəli istifadə edilməsi ilə bağlı layihələr nəzərdə tutulur. Eyni zamanda alüminium və polad istehsalının genişləndirilməsi, yeni istehsal güclərinin yaradılması və yüksək əlavə dəyərli məhsulların istehsalına keçid planlaşdırılır. Proqram üzrə 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Rəsmi təqdimata əsasən, bu investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən formalaşması planlaşdırılır.
Bu layihələrin əhəmiyyəti yalnız dağ-mədən və metallurgiya sahəsi ilə məhdudlaşmır. Yeni istehsal müəssisələrinin yaradılması nəqliyyat, logistika, xidmət və digər sahələrə də təsir göstərə bilər. Eyni zamanda yeni iş yerlərinin açılması, peşəkar kadrlara tələbatın artması və regionlarda iqtisadi fəallığın yüksəlməsi gözlənilir. Xüsusilə regionların sosial-iqtisadi inkişafı baxımından belə layihələrin həyata keçirilməsi mühüm nəticələr verə bilər. Prezident İlham Əliyev də çıxışında Dövlət Proqramının regionların inkişafı ilə bağlı gündəliyi əks etdirdiyini vurğulayıb.
Burada işğaldan azad edilmiş ərazilərin də xüsusi əhəmiyyəti var. Rəsmi sənədlərdə həmin ərazilərdə perspektivli yataqların istismara verilməsinin dağ-mədən və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirə biləcəyi qeyd olunur. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinin genişləndirilməsi də Dövlət Proqramının gələcək istiqamətlərindən biridir. Bu isə həmin ərazilərin iqtisadi potensialından istifadə olunması və onların bərpası prosesinin müxtəlif sənaye layihələri ilə dəstəklənməsi baxımından diqqətəlayiqdir.
Dövlət Proqramının qarşıya qoyduğu məqsədlərdən biri də Azərbaycanın xammal ixrac edən ölkədən daha çox emal olunmuş və yüksək əlavə dəyərli məhsullar istehsal edən ölkəyə çevrilməsi istiqamətində imkanları genişləndirməkdir. Bunun üçün həm dövlət müəssisələrinin, həm də özəl sektorun investisiya imkanlarından istifadə edilməsi nəzərdə tutulur. Belə bir yanaşma sənaye sahələrinin bir-biri ilə əlaqəsini gücləndirə və yerli istehsal zəncirinin formalaşmasına şərait yarada bilər.
Fikrimcə, dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın gələcək iqtisadi imkanları baxımından mühüm mövzulardan biridir. Ölkənin təbii sərvətlərindən səmərəli istifadə etməklə yanaşı, həmin resursların ölkə daxilində emal olunması iqtisadiyyata daha çox əlavə dəyər qazandıra bilər.
Yeni Dövlət Proqramının əsas xüsusiyyəti də məhz bu sahənin sistemli şəkildə inkişaf etdirilməsini qarşıya məqsəd qoymasıdır. Qarşıdakı illərdə nəzərdə tutulan layihələrin həyata keçirilməsi Azərbaycanın sənaye potensialının genişlənməsinə, regionlarda yeni iqtisadi imkanların yaranmasına və qeyri-neft sektorunun inkişafına təsir göstərə bilər.