Laçın Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək
Ülkər Quliyeva
YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 30 nömrəli Ambulatoriyanın həkimi,
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütün bunlarla yanaşı işğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar.
Ermənilər Laçından köç edən zaman yaşadıqları evləri yandırmış, meşələri oda vermişdilər. Bu, vandalizmin növbəti nümunəsi olmaqla yanaşı, həm də həmin evlərin ermənilərə məxsus olmadığını göstərir. Azərbaycanlılar 30 il əvvəl bu torpaqlardan çıxarkən bir dənə də olsun evə ziyan vurmamışdılar. Çünki ora bizim torpaqdır. Ermənilər isə bu əməlləri ilə özlərini ifşa edirlər.
Ermənilərin Laçın meşələrinə od vurmaqla heç bir beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini göstərmiş olurlar. Çünki meşələrin yandırılması birbaşa insanlığa qarşı qəsd, ekoloji terrordur.
Şuşanın, daha sonra da Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Lakin Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. Bu gün isə biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq.
Yaxın gələcəkdə tikilməsi planlaşdırılan Laçın və Zəngilan aeroportları ölkəmiz üçün olduqca mühüm əhəmiyyətə malik olacaq. Bu aeroportlar turizm imkanlarından istifadəyə və logistik mərkəzlərin yaradılmasına hesablanıb. Xüsusilə Laçın aeroportu Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.
Laçın ərazisində tikiləcək aeroportla bağlı ilkin ideya var və bunun üçün ərazi də ayrılıb. Bu ərazinin mühüm əhəmiyyəti odur ki, bu aeroport təkcə Laçın üçün yox, həm də Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.