Firəngiz Məlikbəyli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Bu gün Azərbaycanın son dövrlərdəki tarixi, bizim siyasi gündəmimiz, dövrü hadisələr cənab Prezident İlham Əliyevin uğurları, mühüm siyasi addımları,tarixi qərarları və beynəlxalq siyasətdəki rolu ilə taclanmışdır. Etiraf etməliyik ki, son illərdə cənab Prezident İlham Əliyev kimi ölkəsini, millətini bu qədər düşünən, gələcəyi üçün mühüm addımlar atan, həmçinin liderlər arasında böyük nüfuza sahib rəhbər çox azdır. Ölkə başçımızın dünyanın gözü qarşısındakı səlis çıxışları, cəsarətli nitqi, dünyaya Azərbaycan gerçəklərini ən təsiredici şəkildə çatdırmağı onu əvəzedilməz edir və Azərbaycanın gələcəyini qarantiya altına alır. Liderimiz İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə yenilməz sərkərdə kimi adını qaliblər sırasına yazdırdı və bizi millət olaraq ucaltdı.
Güclü hərbi strategiya və müzəffər ordumuzla qalibiyyəti yaşayan ölkəmiz Prezidentimizin səyi, gücü və ağıllı addımı ilə digər torpaqlarımızın mühüm hissəsini noyabrın 20-də Ağdamı, noyabrın 25-də Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Ağdam, Kəlbəcər və Laçın Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.
Cənab Prezidentimiz İlham Əliyev noyabrın 25-də xalqa müraciətində Kəlbəcər rayonunun tamamilə işğaldan azad olunduğunu elan etdi və xalqımıza bu Qələbə münasibəti ilə təbriklərini çatdırdı: “Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”.
Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. Kəlbəcərin işğalı nəticəsində on minlərlə soyda¬şımız məcburi köçkünə çevrilmişdi. İllərdir tor¬paqlarımızı işğal altında saxlayan erməni vandalla¬rının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi.
Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından bir neçə gün sonra, 1993-cü il aprelin 30-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin ötən illərdə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirilməmiş, Qətnamənin icrasız qalmasının əsas səbəbi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri olmuşdur.
Ancaq 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu.
İşğaldan azad olunan Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Orada Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir.
Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. Fəxrimiz olan və öz dəyərini heç vaxt itirməyən Kəlbəcər yenə dağlarının başı qarlı, amma bu dəfə həm də vüqarlı öz övladlarını qarşılayacaq, köksünə vurulan yaraları sağaldacaq. İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək.
Artıq Azərbaycanın işğaldan azad edilən ərazilərinə “Böyük Qayıdışa dair birinci Dövlət Proqramı” artıq təsdiq edilib. Bu Proqram qayıdışın həyata keçirilməsi üçün növbəti vacib addımdır. 30 il ərzində öz yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın ləyaqətli qayıdışı təmin ediləcək. Burada əsas iki istiqamət nəzərdə tutulub.
Bunlardan birincisi əhalinin dayanıqlı məskunlaşması ilə bağlıdır. İşğaldan azad olunan ərazilərdə yaşayış üçün şərait qurulur, onların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Prezidentimiz İlham Əliyevin vətənpərvərliyi və ölkəsinə, xüsusilə də gözləri dolaraq baxdığı, sevinc və həyəcanla səfər etdiyi torpaqlarımız günü-gündən çiçəklənəcək və dünyaya gücümüzün simvolu kimi işıq saçacaq.