Konstitusiyanın qəbul edilməsi Ulu Öndərin dövlətçilik qarşısındakı ən böyük xidmətlərindən biri olmuşdur
Azərbaycan xalqının dövlətçilik tarixi çox qədimdir. Lakin müasir hüquqi dövlət quruluşunun formalaşması müstəqilliyimizin bərpasından sonra — yeni tarixi mərhələdə reallaşmışdır. 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyası həmin dövrün siyasi reallıqlarını əks etdirirdi, lakin müstəqil dövlətin hüquqi əsaslarını təmin etmirdi.
Müstəqillik illərində Azərbaycan xalqı qarşısında duran ən mühüm vəzifələrdən biri yeni, milli və demokratik Konstitusiyanın hazırlanması idi. Bu vəzifəni böyük uzaqgörənliklə həyata keçirən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın əsas qanununun müəllifi kimi tarixə düşdü. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın suverenliyinin, azad iradəsinin və dövlət quruculuğunun rəmzinə çevrildi.
Konstitusiya xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə əsaslanaraq demokratik, hüquqi və dünyəvi dövlətin bünövrəsini yaratdı. Bu sənəd insan və vətəndaş hüquq və azadlıqlarını, qanunun aliliyini, hakimiyyət bölgüsü prinsipini təmin edən ali hüquqi akt kimi müasir dövlətçiliyimizin təməlini qoydu.
Bu gün 12 noyabr tarixi hər il “Azərbaycan Respublikasının Konstitusiyası Günü” kimi qeyd olunur. Bu gün müstəqil dövlətimizin hüquqi əsaslarının möhkəmlənməsi, vətəndaş cəmiyyətinin inkişafı və qanunun ali qüvvəyə malik olmasının rəmzidir.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev müasir dövrdə Konstitusiyanın prinsiplərini həyatın bütün sahələrində gerçəkləşdirmiş, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafını təmin etmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar Konstitusiyanın ruhuna uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli qorunmasına xidmət edir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi dövlət prinsiplərinin qorunması və ədalət mühakiməsinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Bu institut Konstitusiyanın müddəalarının həyata keçirilməsində əsas təminat mexanizmlərindən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar Konstitusiyamızın qəbulunun 30 illiyinə dərin ehtiramın və dövlətimizin müstəqilliyinin əbədiliyinə inamın ifadəsidir.
Konstitusiyanın qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri olmuşdur. Onun siyasi irsini qoruyaraq inkişaf etdirən Prezident İlham Əliyev bu gün həmin ideyaları müasir çağırışlara uyğun şəkildə həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyası sabit inkişafı təmin edən möhkəm hüquqi baza, vətəndaşların hüquq və azadlıqlarının qorunmasının qarantı, suverenliyimizin və milli birliyimizin rəmzidir.