İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsidir
Könül İsmayılova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı Rayonu 163 saylı körpələr evi və uşaq bağçasının müdiri
Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən cinayətlər, Azərbaycana vurulmuş maddi və mənəvi ziyanlar hələ də öz izlərini saxlamaqdadır. Ermənistanın işğalı nəticəsində ölkəmizə vurulmuş bu zərərlər çox böyükdür. Məlum olduğu kimi işğalçı və terrorçu siyasətinin mahiyyətini öz cılız və nankor əməlləri ilə sübüt edən Ermənistan bir an belə olsa bu çirkin niyyətlərindən əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görünməmiş vandalizm aktları törətmişdir.
Beləliklə, Azərbaycan xalqının tarixi mədəniyyət abidələrinə ağır zərər vurulmuş, mədəniyyət ocaqları dağıdılmış, müqəddəs məbəd və məscidlər təhqir edilmişdir. Qədim tarixi, əsrlərlə yaşı olan şəhər və kəndlərimizi qəsdən dağıdaraq, xalqımızın tarixi irsini, milli-mənəvi dəyərlərini özündə əks etdirən izlərin silinməsinə cəhd etmiş, tarixi-mədəni, dini abidələrimizi talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa, süni şəkildə erməniləşdirməyə çalışmışlar. Noyabrın 11-də Səmərqənddə cənab Prezident İlham Əliyevin çıxışı zamanı bu faktları bir daha ictimaiyyətin nəzərinə çatdırdığı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü növbəti əhəmiyyətli hadisə kimi tarixə yazıldı.
Erməni vandallığı nəticəsində Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinmişdir. Vaxtilə böyük və inkişaf etmiş şəhər olan Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. Bütün bunlar deməyə əsas verir ki, islamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.
Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanmışdır. 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandanın uğurlu siyasəti, igid oğullarımızın qəhrəmancasına şücaəti, şəhidlərimizin qanı bahasına əldə etdiyimiz qələbəmiz tarixə qızıl hərflərlə yazıldı. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam etməkdədir. Qarabağımız daha da çiçəklənir və abadlaşır. 30 ilə yaxın torpaq həsrəti ilə alışan soydaşlarımızın öz doğma yurd-ocaqlarına qayıdışları təmin edilir. Bütün dünya Azərbaycanlıları ədalətin təntənəsinin fərəhini yaşayır.