İqtisadi müstəqillik ölkəmizin inkişafının əsasını təşkil edən amillərdəndir
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı
Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət və düşünülmüş strategiya nəticəsində Azərbaycan davamlı olaraq inkişaf edir. Baxmayaraq ki, dünya iqtisadiyyatında mənfi tendensiyalar yaşanır, lakin Azərbaycan iqtisadiyyatında müsbət inkişaf tendensiyası qeydə alınmaqdadır. Son altı ayın yekun göstəriciləri də bu deyilənləri sübut edir. İqtisadiyyatda qeydə alınan artım nəzərdə tutulan layihələrin reallaşdırlmasına və əhalinin sosial rifah halının davamlı olaraq yaxşılaşdırılmasına əlavə imkanlar yaradır. Təbii ki, bütün bunların əsasını həyata keçirilən müstəqil iqtisadi siyasət təşkil edir. Ölkəmizin iqtisadi müstəqilliyi həmçinin siyasi müstəqilliyimizi də şərtləndirir. Bütün bunların nəticəsdir ki, bu gün Azərbaycan dünyada yüksək nüfuz sahibi olaraq beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Azərbaycanın artan iqtisadi gücü ölkəmizlə tərəfdaş olmaq istəyən ölkələrin sayının da artmasına gətirib çıxarır.
Ölkəmizin Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatında uğurlu fəaliyyəti, Avropa İttifaqı ilə sıx əməkdaşlıq, qonşu ölkələrə olan yüksək səviyyəli münasibətlər təsdiq edir ki, Azərbaycan sözünə sadiq ölkə, həmçinin etibarlı tərəfdaşdır. Eyni zamanda, Azərbaycan beynəlxalq aləmdə öz humanist addımları ilə tanınır. Bu da öz növbəsində Azərbaycanın sülh və əməkdaşlıq tərəfdarı olduğunun göstəricisidir. Ölkəmizin əsas məqsədlərindən biri Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq mühiti yaratmaqdır. Lakin əfsuslar olsun ki, Ermənistan bu işdə bir əngələ çevrilib. Azərbaycanın torpaqlarını uzun müddət işğalda saxlayan bu ölkə Vətən müharibəsində kapitulyasiya etdikdən sonra da sülhdə maraqlı olmadığını sərgiləməyə çalışır. Son altı ayın yekunlarına həsr olunmuş müşavirədə Prezident cənab İlham Əliyev bu məsələyə toxunaraq bir daha Ermənistana sərt xəbərdarlıq etmiş oldu. Ermənistanın təzadlı hərəkətləri və hər hansı status haqqında danışmaq cəhdləri bu ölkə üçün ağır fəsadlar verə bilər. Odur ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannaməyə əsasən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və sülh müqaviləsinin imzalanmasında maraqlı olmalıdır.
Müşavirədə ölkə başçısı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng işlərdən bəhs edərək bütün işlərin plan üzrə getdiyini qeyd etdi. Hazırda dövlətimiz işğaldan azad edilmiş əraziləri yenidən qurur. Bütün bu işlər isə dövlətimizin öz daxili gücü hesabına həyata keçirilir. Azərbaycan heç bir xarici ölkə və ya təşkilatdan heç bir maliyyə dəstəyi almadan kəndləri, şəhərləri bərpa edir, infrastruktur layihələrini icra edir. Qarabağ və Şərgi Zəngəzurda həyata keçirilən işlər haqqında danışarkən ölkə başçısı ərzaq təhlükəsizliyi məsələlərinə də diqqət çəkdi. Azərbaycan taxıl idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığın aradan qaldırılması üçün artıq xüsusi proqram hazırlananıb və proqrama əsasən həm azad edilmiş torpaqlarda, həm də ölkənin digər yerlərində taxıl istehsalı artırılacaq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda dənli bitkilər əkiləcək ki, bununla da ölkəmizin ərzaq təhlükəsizliyi gücləndiriləcək.
Prezident cənab İlham Əliyev Azərbaycanın enerji və tranzit imkanlarının da yüksək səviyyədə olduğuna diqqət çəkərək bu sahədə icra ediləcək layihlərin əhəmiyyətindən bəhs etdi. Ümumiyyətlə, müşavirədə görülmüş işlər geniş təhlil edilməklə bərabər qarşıda dayanan vəzifələr də müəyyənləşdirildi. Əldə olunan müsbət nəticələr və yüksək iqtisadi potensial ölkəmizin dayanıqlı inkişafını təmin edəcək ki, bununla da əhalinin sosial rifah halı davamlı olaraq yaxşılaşdırılacaq. Bir halda ki, gələn ilin büdcəsində əsas istiqamətin yenə də sosial siyasət olacağını nəzərə alsaq əminliklə bu qənaətə gəlmək mümkündür.