İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür
Rafiq İsmaylov
"Dental Clinic" stomatoloji mərkəzinin direktoru
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycanda müstəqillik dövrünə qədər siyasi partiya ənənələri, demək olar ki, olmayıb. Bu, bir çox səbəblərlə əlaqədardır. İlk növbədə vurğulamaq gərəkdir ki, SSRİ dönəmində siyasi sistem təkpartiyalı olub və plüralizmin, sərbəst fəaliyyət və rəqabət mühitinin mövcud olmaması siyasi partiya ənənələrinin formalaşmasına imkan verməyib. Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etməsindən sonra isə demokratik təcrübənin qazanılması - siyasi partiya ənənələrinin formalaşması məhz lider amili sayəsində mümkün olub. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyevin siyasi lider kimi məqsədyönlü fəaliyyətinin nəticəsində müstəqillik və dövlətçilik tariximizin çox mühüm siyasi ənənələrindən biri formalaşıb. Bu, siyasi partiya ənənəsidir və 1992-ci ilin noyabrın 21-də xalqın çağırışı əsasında güclü Lider ətrafında partiyanın - Yeni Azərbaycan Partiyasının yaradılması ilə baş tutub.
Məlum olduğu kimi, YAP yarandığı zaman ölkədaxili vəziyyət və siyasi şərait olduqca gərgin, mürəkkəb idi. Yeni Azərbaycan Partiyası o vaxt müxalifət partiyası statusunda idi. Buna baxmayaraq, partiya həmin müddətdə iqtidarda və müxalifətdə təmsil olunan digər partiyalardan fərqlənməyi, sivil siyasi davranış qaydaları və normaları nümayiş etdirməyi bacardı.
Yeni Azərbaycan Partiyasının yaradılmasına qədər ölkəmizdə siyasi sistemin mövcud olmadığını bildirən Prezident İlham Əliyev deyib: “Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.
Ümumiyyətlə, siyasi dialoq prosesi ümummilli məsələdir, yəni daxili və xarici müstəvidə dövlətin maraqlarının qorunması baxımından vacib amildir. Eyni zamanda, siyasi dialoq genişmiqyaslı və dərinməzmunlu prosesdir. Bu, iqtidarın digər siyasi partiyalarla formal təmaslarını, yaxud hansısa konyuktur məsələlər ətrafında danışıqlarını əks etdirmir. Burada iki başlıca məqsəd müəyyənləşdirilib: siyasi sistemin daimi inkişafına nail olmaq və dövlətçilik maraqlarını müdafiə etmək. Azərbaycan iqtidarının dialoq fəlsəfəsinin əsasında bu tezis dayanır.
Azərbaycan iqtidarı bu prosesə dövlətçilik maraqlarının qorunması naminə start verib. Hakimiyyətin siyasi dialoqa, yaxud siyasi partiyaların dəstəyinə xüsusi ehtiyacı yoxdur. Elə Azərbaycan Prezidentinin yüksək nüfuzu və reytinqi, xalqın dəstəyi milli maraqlara əsaslanan istənilən qərarın qəbulunu və icrasını mümkün edir.