Zəngəzur dəhlizi marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır
Tutu Həmzəyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktor müavini
Zəngəzur dəhlizinin açılması bir çox müstəvidən bölgənin inkişafını təmin edir. Bunlar, Türk dünyasının ticarət imkanlarının genişlənməsi, Orta Asiyaya birbaşa çıxmaq imkanı, bölgə üzrə davamlı sülhün və əməkdaşlıq mühitinin yaranması və tarixi İpək yolunun yenidən canlanması perspektivləri başda olmaqla, regionun nəqliyyat-tranzit infrastrukturunun inkişafına vəsilə olacaq. Zəngəzur bir vaxtlar müsəlman türk əhalinin yaşadığı tarixi Azərbaycan torpağı olsa da, keçən əsrin 20-ci illərində Sovet Rusiyası tərəfindən Ermənistana birləşdirilmiş və bugün də Ermənistanın daxilində yerləşən ərazidir. Məlum olduğu kimi, bu torpaqların ermənilərə verilməsi ilə Azərbaycan Naxçıvanla olan quru bağlantısını itirmişdi. 100 il sonra baş verən Vətən müharibəsi bizə həm də tarixi ədalətsizliyi aradan qaldırmaq imkanı yaratdı. Naxçıvanla birbaşa əlaqələrin olmaması rəsmi Bakı üçün hər zaman çətinlik törədib. Bu səbəbdən Vətən müharibəsindən sonra imzalanan bəyanata nəzər saldıqda görə bilərik ki, Prezident İlham Əliyev sadəcə Azərbaycanın bugünü üçün deyil, həm dünəni, həm də sabahı üçün mübarizə aparır. Belə ki, bu dəhlizin açılması ilə 100 il əvvəl öz ata-baba yurdlarından qovulan soydaşlarımızın ruhlarını şad edəcək, tariximizdən qara bir səhifə silinəcək, həm də gələcək üçün geniş inkişaf imkanları yaranacaq. Məlum olduğu kimi, torpaqlarımız arasında quru və dəmiryolu
əlaqəsini bərpa edəcək Zəngəzur dəhlizi layihəsinin icra edilməsi üçün Azərbaycan başladığı işləri sürətlə davam etdirir.
Dövlətimizin başçısı qeyd edib ki, son günlərdə bu məsələ ilə bağlı Ermənistan tərəfindən də müsbət xəbərlər alırıq və Ermənistanda da bu işlərə start verilməsi planlaşdırılır. Zəngəzur dəhlizinin yaradılması istiqamətində avtomobil və dəmiryolu artıq inşa edilməyə başlanıb. Paytaxt Bakı ilə Füzulinin Horadiz qəsəbəsinə qədər dəmiryolu xətti işlək vəziyyətdədir. Bu xəttin Horadizdən Ermənistan sərhədinə qədər olan bəzi hissələri işğal dövründə dağıdılıb, bəzi hissələri isə su altında qalıb. Beləliklə, bərpa mərhələsində Horadizdən Ordubada qədər 166 kilometrlik yeni dəmiryolu xətti inşa ediləcək. Dəmiryolu xəttinin Ermənistan ərazisinə düşən 43 kilometrlik hissəsinin inşası üçün davam edən danışıqlar prosesi də Prezident İlham Əliyevin sözlərinə görə, yaxında müsbət nəticə verəcək. Ordubaddan Türkiyə, Ermənistan və İrana yaxın yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt isə əsaslı təmir ediləcək. Burada bitən yol Ermənistan sərhədinə qədər daha 14 kilometr uzadılacaq.
Yazının əvvəlində vurğulandığı kimi, Ermənistan regiondakı sülh arayışlarına töhfə olaraq bu layihənin icrasına razılıq verərsə, öz dəmiryolu xəttini Bakıdan Horadizə, Horadizdən Naxçıvanın şimalına qədər olan bu yolla birləşdirəcək. Beləcə Rusiya və İranla birbaşa nəqliyyat əlaqəsi imkanı yaranacaq. Dəmiryolu ilə yanaşı, həmin marşrut üzrə avtomobil yolunun salınması da gündəlikdə olan digər mövzudur. Azərbaycan bu istiqamətdə də işlərə start verib. Belə ki, Zəngəzura qədər uzanacaq Əhmədbəyli–Horadiz Minçivan–Ağbənd yolu layihəsinin icrasına başlanılıb və işlər sürətlə davam etdirilir. Bundan əlavə, Türkiyə ilə Azərbaycanı – Karsla Naxçıvanı birləşdirən digər bir dəmiryolu xətti layihəsi də mövcuddur.
Bu layihə bütünlüklə həyata keçirildikdən sonra Türkiyə ilə Azərbaycan arasında yeni bir nəqliyyat yolu yaranacaq. Bu, həm də Türkiyə ilə Rusiya arasında birbaşa quru və dəmiryolu əlaqəsinin yaranması deməkdir. Göründüyü kimi, Zəngəzur dəhlizinin açılması bütün bölgə ölkələri üçün yeni imkanlar vəd edir. Beləliklə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın digər bölgələrinin birləşməsi, Türkiyə ilə Azərbaycanın, eləcə də digər türk dövlətlərinin arasında quru və dəmiryolu əlaqələrinin yaradılması üçün ən ideal imkandır. Bu, həm də Tarixi İpək yolunun bərpası, Çinin “bir kəmər – bir yol” layihəsinin canlanması, əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu məsələdə təkcə Türkiyə və Azərbaycanın deyil, eləcə də Rusiya, İran və Ermənistanın da ortaq maraqları birləşdirir.
Rusiya bu dəhliz sayəsində İran, Ermənistan və Türkiyə ilə bağlantılarını daha da möhkəmləndirə bilər. Ermənistan isə dəhliz açıldıqdan sonra Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə ticarət əlaqələrini genişləndirə bilər. Bir sözlə, Ermənistan mövcud vəziyyəti düzgün dəyərləndirə bilsə, təcriddən qurtula, rifah imkanlarından pay ala bilər. Əslində, Prezident İlham Əliyevin dediyi kimi, bu əlaqəni qurmaq üçün o qədər də böyük vaxta ehtiyac yoxdur. Burada nəzərdə tutulan yolun Ermənistandan keçən ümumi uzunluğu cəmi 40 kilometrdir.
Azərbaycan müharibədən sonra bir il ərzində min kolimetrdən çox yol çəkmişdir. Bu da onu göstərir ki, nəzərdə tutulan 40 kilometrlik yolun açılması o qədər də çətin iş deyil. Baxmayaraq ki, Ermənistan uzun müddət buna razılıq vermirdi. Biz uzun müddət səbr etdik. Bütün dünya gördü ki, səbrimiz tükənəndə nələr olur. Sonda bir daha qeyd edək ki, Zəngəzur dəhlizi layihəsinin icrası üçün Azərbaycan öz öhdəsinə düşən hər bir işi yerinə yetirir. Bu istiqamətdə bütün işlər start götürüb və intensiv davam edir. Bu işlərin icrası üçün həm qonşu, həm də digər dövlətlər Qarabağın bərpasında olduğu kimi, Zəngəzur dəhlizi layihəsinin icrasında da Azərbaycana dəstək olmaq, fəal iştirak etmək niyyətindədirlər. Bu, Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun və etimadın göstəricisidir.