Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır
Sahilə Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 278 nömrəli tam orta məktəbin müəllimi
XXI əsrdə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərdi. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi.
1991 – ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Dövlətçilik atributu olan ordu quruculuğuna gərgin siyasi bir şəraitdə başlanıldı. Daxili qarşıdurmalar, hakimiyyət uğrunda mübarizələr, Ermənistanın Azərbaycana qarşı elan etmədən müharibəyə başlaması bu prosesə təsir göstərdi. Vətəndaş müharibəsi gerçəkləşəndə, dövlətçiliyin itirilməsi təhlükəsi yarananda xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi və bununla da müstəqil Azərbaycanın ordu quruculuğunda Heydər Əliyev mərhələsinin başlanğıcı qoyuldu, lakin Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatları, əsassız ərazi iddiaları, işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirməsi Azərbaycana çox mənfi təsir göstərdi.
Müharibə nəticəsində Azərbaycan Respublikası öz torpaqlarının 20 faizi itirdi, bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşdü. BMT 1993 – cü ildə işğalçıların Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi, lakin Ermənistan bu qətnamələrə əhəmiyyət vermədi. 1994 – cü ildə Bişkekdə Rusiyanın vasitəçiliyi ilə atəşkəs olundu. 1994 – cü il yanvarın 5 - də Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi və böyük strateji əhəmiyyətə malik olan Horadiz qəsəbəsi düşməndən təmizləndi. 1994 – cü ildən 2003 – cü ilə kimi ordu quruculuğunda qazanılan uğurlar ilham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra daha genişləndi. Bu, Azərbaycan ordu quruculuğunda İlham Əliyev mərhələsinin başlanğıcı oldu. Prezidentimizin əsas məqsədi Azərbaycanın dinamik iqtisadi inkişafını inkişaf etdirmək, xarici siyasətdə isə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqdır. 2005 – ci il dekabrın 16 – da İlham Əliyevin “Müdafiə Sənayesi Nazirliyi”-nin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin edən sərəncam oldu.
44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənənlərin praktiki təsdiqi oldu. Ermənistanın sentyabr ayının 27 – dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi əməliyyatlara başlamasına səbəb oldu. Azərbaycan ordusu qətiyyətlə, döyüş və mənəvi psixoloji hazırlığıyla düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını darmadağın etdi. İlham Əliyev deyirdi: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq - ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”
Əməliyyatların ilk günü Suqovuşan, Cəbrayıl, Hadrut – Ağoğlan, Füzuli, zəngilan, Xüdafərin körpüsündə Azərbaycan bayrağının ucadılması, sonradan Qubadlı, Xocavənd, Tərtər rayonlarının kəndlərinin azad olunması Azərbaycan Ordusunun möhtəşəm zəfəri kimi tarixə düşdü. Xalq öz Prezidentinin ətrafında sıx birləşərək bir daha Azərbaycan xalqının nə qədər mərd, əzmkar, qürurlu xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Ən əsası isə bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar və xalqımıza qələbə sevinci yaşatdılar.
Şuşanın azad olunması isə döyüşlərimizin kulminasiya nöqtəsi oldu. Şuşanın azad edilməsi ilə Ermənistan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiyaya, məğlubiyyət aktına imza atdı. 2020 – ci il 10 noyabr bəyanatı Ermənistanın məğlubiyyətini, Azərbaycanın isə böyük qələbəsini rəsmiləşdirdi. Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır.
Bu bizim torpağımızdır, biz onları itkilər verərək geri qaytarmışıq. Biz heç zaman bu torpaqlardan geri dönməyəcəyik.