Gənclərin xaricdə təhsilinə göstərilən dövlət qayğısının hüquqi əsası

Gənclərin xaricdə təhsilinə göstərilən dövlət qayğısının hüquqi əsası

Əminə Süleymanzadə 

Bakı Slavyan Universitetinin tələbəsi
YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

Ulu Öndər Heydər Əliyev deyirdi: “Təhsilli, bilikli gənclər olmadan ölkənin gələcəyini təmin etmək mümkün deyil.” Buna görə də O, Azərbaycan gənclərinin xaricdə təhsil almasını dövlət siyasətinin tərkib hissəsinə çevirmişdir. Sonrakı illərdə bu siyasət Prezident İlham Əliyev tərəfindən də ardıcıl və sistemli şəkildə davam etdirilmişdir. Məqsəd beynəlxalq standartlara cavab verən, yüksək ixtisaslı milli kadrların hazırlanması olmuşdur.

Bu sahədə əsas rəsmi sənədlərdən biri Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”dır. Dövlət Proqramı çərçivəsində minlərlə gənc dünyanın aparıcı ali məktəblərində — ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə və digər ölkələrdə dövlət hesabına təhsil almaq imkanı əldə etmişdir. Proqram gənclərin təhsil haqqı, yaşayış, tibbi sığorta və yol xərclərinin dövlət tərəfindən ödənilməsini nəzərdə tutmuşdur.

Gənclərin xaricdə təhsilinə göstərilən dövlət qayğısının hüquqi əsası “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə də təsbit olunmuşdur. Qanunda gənclərin təhsilinin, bilik və bacarıqlarının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Eyni zamanda, sonrakı illərdə qəbul edilən dövlət proqramları və prezident sərəncamları bu siyasətin davamlılığını təmin etmişdir.

Xaricdə təhsil almış gənclər ölkəyə qayıdaraq elm, təhsil, iqtisadiyyat, səhiyyə, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərir, müasir bilik və təcrübələrini Azərbaycanın inkişafına yönəldirlər. Bu proses ölkənin intellektual potensialının güclənməsinə, insan kapitalının inkişafına və beynəlxalq rəqabət qabiliyyətinin artmasına mühüm töhfə verir.

Nəticə etibarilə, rəsmi sənədlər və həyata keçirilmiş dövlət proqramları göstərir ki, gənclərin xaricdə təhsil almasına dövlət qayğısı təsadüfi deyil, strateji əhəmiyyət daşıyan məqsədyönlü siyasətdir. Bu siyasət Azərbaycanın gələcəyinin bilikli, savadlı və vətənpərvər gənclərin əlində olduğunu bir daha təsdiqləyir.Начало формыКонец формы