“Euronews” telekanalı vasitəsilə Azərbaycanın COP-la bağlı həyata keçirdiyi yeniliklər dünya ictimaiyyətinə çatdırılmışdır
Səadət Seyidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin müəllim
Azərbaycan indiyədək bir çox mühüm əhəmiyyət kəsb edən beynəlxalq konfranslara ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlmişdir. Belə mühüm tədbirlərdən biri də COP29 - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıdır. Bu genişmiqyaslı tədbirin 2024-cü ildə Azərbaycanda təşkil olunması mühüm və əhəmiyyətli bir işdir. Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində bu barədə ətraflı məlumat vermişdir.
Ölkəmizdə keçiriləcək COP29 zamanı bütün tərəflərin özlərini rahat hiss edəcəkləri bir mühitin formalaşdırılacağı vurğulanmışdır. Artıq ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda təcrübəsi vardır. Dörd il sədrlik etdiyimiz Hərəkatda 120 üzv ölkə ilə birlikdə böyük tərəqqiyə nail olmuşuq. Bütün bunların həyata keçirilməsində, sözsüz ki, Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələrlə fəal əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. Bu ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması isə bu əlaqələri daha da etibarlı edir.
Qlobal iqlim dəyişiklikləri məsələlərinin öhdəsindən gəlmək üçün həmrəylik nümayiş etdirmək, aktiv şəkildə müzakirələr, ortaq məsuliyyət mütləqdir. Məhz bunun sayəsində iqlim dəyişikliyi ilə bağlı müəyyən inamsızlığı azaltmaq mümkündür. Azərbaycan OPEK+ üzvü olduğu üçün COP-dan əvvəl maliyyələşməni təmin etməkdən ötrü bir çox neft hasil edən ölkələrlə birlikdə həmrəyik paketi yaradılır. Neft hasil edən ölkələr, xüsusilə, neftin qiymətinin yüksəldiyi zaman problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməlidirlər. Həmrəylik maliyyələşmə baxımından da əhəmiyyətlidir.
Əlbəttə ki, iqlim dəyişikliklərinin hamını narahat etdiyi bir zamanda Yaşıl dünya ilə bağlı konkret addımlar atılmalıdır. Bu addımar isə davamlı olmalıdır. Heç təsadüfi deyil ki, bu beynəlxalq tədbirin keçirildiyi 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
Dünya əhəmiyyətli bu tədbir ərəfəsində Azərbaycan tərəfindən COP üçün yenilik olan bir təşəbbüs də irəli sürülmüşdür. Bu təşəbbüs əməkdaşlıq edərək üç ölkə - BƏƏ, Azərbaycan və Braziliyanın təcrübəsindən istifadə etməkdir. Üçlüyün yaradılmasında qeyd olunan ölkələrin müxtəlif regional, iqtisadi, siyasi məsələlərdə fəal iştirakı nəzərə alınmışdır.
Azərbaycan Respublikası Prezidenti İham Əliyev cənablarının qeyd etdiyi kimi qlobal problemin mövcudluğu şəraitində hər bir ölkə bir-birini günahlandırmağa son qoymalı, qarşılıqlı səylər, həmrəylik nümayiş etdirməlidir. Dünyamızda olan iqlim fəlakətlərinə görə ölkələr ittiham xarakterli çıxışlardan, fikirlərdən uzaq olmalıdır. İstər inkişaf etməkdə olan ölkələr, istərdə də inkişafı güclü olan ölkələr belə məsələlərin həllində birlik nümayiş etdirməli, diqqətli olmalıdır.
İnanırıq ki, respublikamızda keçirilən bütün beynəlxalq səviyyəli tədbirlər kimi COP29 da yaddaqalan olacaq və bu sahədə olan məsələlərin həllinə öz töhfəsini verəcək.