Ermənistanın terror fəaliyyəti yeni formada – “mina terroru” olaraq davam edir

Ermənistanın terror fəaliyyəti yeni formada – “mina terroru” olaraq davam edir

Sənan Əliyev

23 saylı şəhər poliklinikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın  sədri

44 günlük davam edən İkinci Qarabağ müharibəsində qazanılmış qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad edərək  öz ərazi bütövlüyünü bərpa etdi. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb.

İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması, minalardan təmizlənməsi ilə paralel, həm də dövlətimiz işğaldan azad olunmuş torpaqlarda öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Həmçinin, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinə başlanılmışdır. Bununla da “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb.

Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhədlərdə təxribatlar törətməkdə davam edir. Sonuncu  təxribat isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi həmlələrinin qarşısını almaqdan ötrü qətiyyətli addımlar atmağa məcbur oldu.

Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində 1 milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.

Hal-hazırda Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İşğal edilmiş torpaqlarda Ermənistan bir milyondan çox mina basdırıb. Bununla bağlı Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı öz fikrini bildirmişdir. Həmçinin,  İkinci Qarabağ müharibəsinin bitməsindən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı vəfat etmiş və ya ağır yaralandığını qeyd edib.

Bu hadisələrlə əlaqəli Beynəlxalq mütəxəssislərin etdiyi hesablamalara görə, Azərbaycana ərazilərin minalardan təmizlənmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Əlbəttə ki, dünyanın aidiyyəti təşkilatları bu məsələdə də laqeyd qalmamalı, hərəkətə keçməli və Ermənistanı minaların basdırıldığı yerlərin dəqiq xəritələrini verməyə məcbur etməlidir. Belə olmadıqca minalar hər zaman can almağa davam edəcəkdir. Bu vəziyyət isə onu təsdiqləyir ki, müharibə qurtarsa da, Ermənistanın Azərbaycana qarşı terror fəaliyyəti yeni formada – “mina terroru” olaraq davam edir.

Dövlətimizin başçısı bölgədə uzunmüddətli sülhün təmin edilməsi, regionun gələcək inkişafı üçün bütün imkanların mövcud olduğunu əsaslandırılmış şəkildə dünyaya təqdim edərək, atdığı bütün addımlar Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib.