Afaq Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin direktor müavini
Prezident İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsində bir çox əhəmiyyətli məsələlərə toxundu.“Müharibə bitsə də, mübarizə hələ davam edir”. – Bu mübarizə az qala bütün əməli fəaliyyət sahələrini əhatə edir: siyasi-diplomatik, hərbi, iqtisadi, sosial, mədəni, mənəvi, psixoloji və s Ona görə də, “İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi.
Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Bəli, 44 günlük müharibədəki şanlı Zəfərdən sonra respublikamızın nüfuzu dünyanın dörd tərəfində yüksəldi və bu yüksəliş davam etməkdədir. Beynəlxalq platformalar, Azərbaycanın tarixi Zəfərini – 30 illik işğala ay yarımdan da az müddətdə son verməyimizi getdikcə daha dərindən anlayırlar və ona görə də yüksək dəyərləndirirlər. Çünki qarşımızdakı yalnız Ermənistanla deyildi; biz faktiki olaraq dünya erməniliyinin sarıb-sarmaladığı güclü himayədarları ilə mübarizədəydik.
Bu günkü və gələcək nəsillərimiz bu tarixi hadisəni hər zaman qürurla xatırlayacaq və dövlətimizin, xalqımızın sınmaz iradəsi və qətiyyəti ilə fəxr edəcək. Biz təkcə hərb meydanında deyil, həmçinin siyasi, diplomatik sahələrdə də yüksək üstünlük qazanmışıq. İstər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə baş verənlər bunu sübut edir. Dövlət başçısı, müzəffər Ali Baş Komandanın dünyanın tanınmış media orqanlarına verdiyi tutarlı və əsaslandırılmış, Ermənistanın və onun havadarlarının işğalçı mahiyyətlərini ifşa edən müsahibələr informasiya müharibəsində də qələbəmizə əsas oldu.
Digər əməli fəaliyyət sahələrinə gəldikdə qısa şəkildə vurğulayaq ki, ərazilərimizin minalardan sürət və keyfiyyətlə təmizlənməsi, sürətli və keyfiyyətli quruculuq, abadlıq işləri, Böyük Qayıdışın ilk addımlarının atılmasıdır. Bu işlərin parlaq şəkildə görülməsi üçün güclü iqtisadiyyat lazımdır. Ümummilli liderin məşhur sözlərini minnətdarlıqla xatırlayırıq. “İqtisadiyyatı güclü dövlət hər şeyə qadirdir”