Cəlaləddin Əhmədov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu Zığ bələdiyyəsinin şöbə müdiri
Azərbaycan Prezidentinin azad edilmiş Kəlbəcərə və Laçına növbəti səfəri öz məzmununa və bəlli ünvanlara etdiyi mesajlara görə əvvəlki səfərlərdən fərqlidir. Ölkə Prezidenti müharibədən sonrakı daxili səfərlərinin mütləq çoxunu təcavüzdən azad edilmiş rayonlara edib. Bu, təsadüf deyil və azad edilmiş rayonlarımızın sosial-iqtisadi səviyyəsini ən optimal müddətlərdə Azərbaycanın digər bölgələri ilə bərabərləşdirməyə yönəlik dövlət siyasətinin tərkib hissəsidir.
Cənab Prezidentin Kəlbəcərə və Laçına indiki səfərlərinə bir qədər fərqli prizmalardan baxmaq lazımdır. Prezidentin bu səfərlərdə hər bəyanatının, açılış etdiyi və ya təməl atdığı hər obyektin öz mesajları var, heç nə təsadüfi xarakter daşımır. Kəlbəcərdə müharibədən sonra sayca ikinci komando hərbi hissənin açılışı özlüyündə dost və düşmən qüvvələrə təsirli mesajdır. Azərbaycan Prezidenti ikinci komando hərbi hissəni Füzulidən sonra Kəlbəcərdə yaratmaqla nümayiş etdirdi ki, komando hərbi birliklər Azərbaycanın postmüharibə hərbi islahatlarının ən təsirli forması və istiqamətidir.
Prezident məhz Kəlbəcərdən düşmənə mesaj verdi ki, Azərbaycanın ərazilərinin təhlükəsizliyi və müdafiəsi büsbütün yeni keyfiyyətdə təşkil olunur. İndiki Azərbaycanın ordu quruculuğu işğalçı Ermənistan qüvvələrinin 90-cı illərdə çox asan vurub keçdikləri dövrlərlə heç bir oxşarlığa malik deyil. Prezident sadəcə söz xatirinə demədi ki, əgər onlar özlərini əvvəlki kimi aparmağa çalışsalar, bunun ilk növbədə özləri üçün nəticələri ağır olacaq.
Prezident İlham Əliyev daha bir qiymətli mesajı sərhədlərdə bütün əlverişli mövqelərin artıq Azərbaycanın əlində olmasından ibarətdir. Prezident İlham Əliyev sərhədlərdəki bütün əlverişli mövqelərdə komando hərbi hissələrin yaradılmasının davam etdiriləcəyini bəyan etdi. Azərbaycan liderinin bəyanatlarının hərbi-siyasi leksikonda çox dəqiq yaxın və uzaq hədəfləri var. Prezident Ermənistana və onun havadarlarına aydın göstərdi ki, sərhədin ən əlverişli mövqelərində Azərbaycanın güclü hərbi hissələr açmasına lazımi məsuliyyətlə yanaşılmalıdır. İlham Əliyevin çıxışını izləyən istənilən şəxsin aldığı ilk təəssürat budur ki, Ermənistan sərhədin istənlən nöqtəsində təxribata cəhd etsə, hərbi əməliyyatları heç bir halda Azərbaycanın ərazisinə keçirə bilməyəcək və onun öz ərazisi yeni müharibənin meydanına çevriləcək. Prezidentin "bütün əlverişli mövqelərdə müasir komando birliklərinin" yaradılacağı barədə bəyanatı revanşistlərə ciddi xəbərdarlıq olmalıdır.
Qarabağa və Şərqi Zəngəzura indiki səfər bu ərazilərin hərbi müdafiə və təhlükəsizlik məsələlərinə xüsusi üstünlük verildiyini nümayiş etdirdi. Azad olunmuş rayonlarımızın hər birinin iqtisadi, sosial, hərbi müdafiəsinin priotitet sayıldığı şübhəsizdir. Ölkə Prezidenti özünün çoxsaylı səfərlərini məhz bu prioritetin gerçəkləşməsi naminə edir. Lakin Prezident Əliyev "Qarabağ və Şərqi Zəngəzurun müdafiəsi daha da möhkəmləndiriləcək" sözlərini konkret hədəfə yönəldərək söylədi. Şərqi Zəngəzurun və Qarabağın hərbi-strateji müdafiəsinin indi son dərəcə vacib hesab edildiyi göz önündədir. Azərbaycan Ordusunun keyfiyyətcə tam yeni quruculuq mərhələsində olduğunu bəyan etmək Prezidentin nitqinin çəkisini artıran amillərdəndir.
Ordumuzun əsas güc parametrlərinin təsnifatını dəqiq ifadə etmək baxımından da Prezident maraqlı mesajlar verdi. Yenilməz ruh, möhkəm fiziki hazırlıq, vətənə bağlılıq, iqtisadi güc, müasir döyüş texnologiyaları barədə fikirlərlə İlham Əliyev bir daha sübut etdi ki, Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrimizi çox yaxşı tanıyır və onu özü formalaşdırıb. Prezident Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daim möhkəmlənməsi üçün lazım olan bütün resursların təmin edildiyini inamla ifadə edir.