Fərqanə Babayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin müəllimi
Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil. Göstərdi ki, nə qədər çətinliklərlə, ağır vəziyyətlə üzləşsə də, xalqımız heç vaxt yıxılmır, heç nədən qorxmur, öz hədəfinə doğru inamla irəliləyir və məqsədinə hasil olur.
Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü il oktyabrın 15-də müdrik qərarı ilə İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq. Xankəndidə əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir xalq olduğuna şahidlik etdik.
Dövlətimizin başçısı Xankəndidə bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi. Bu iyirmi illik tarix bizim uğur salnaməmizdir. Bu müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, gücləndi, iqtisadiyyatımız günü-gündən qüdrətləndi, vətəndaşlarımızın rifahı yüksəldi. Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. O, heç bir fərq qoymadan hər bir azərbaycanlının Prezidenti olmağı bacardı, üzərinə düşən vəzifələri ən ali peşəkarlıqla yerinə yetirdi.
Prezident İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən verdiyi ilk bəyanatlardan biri o idi ki, bizim Ermənistana ən böyük güzəştimiz münaqişəni danışıqlar yolu ilə həll etməyimiz olar, bundan artığını bizdən gözləməsinlər. Bu günün mənzərəsi hər şeyi sübut edir. Təcavüzkar dövlətin və onun havadarlarının bütün cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev sözünün üstündə durdu və bu mübarizədən qalib ayrıldı.