Davos İqtisadi Forumu-Azərbaycanın nüfuzunun və iqtisadi gücünün nümayişidir
Şəbnəm Kərimova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 97 nömrəli tam orta məktəbin müəllimi
Prezident cənab İlham Əliyevin xarici ölkələrə səfərləri və səfər çərçivəsində keçirdiyi görüşlər, imzaladığı sənədlər, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdəki çıxışları dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir. İki il əvvəl Vətən müharibəsində qazandığımız parlaq Qələbə və dünyanın qüdrətli dövlətlərinin, həmçinin mötəbər beynəlxalq təşkilatların 30 il ərzində nizamlamaqda aciz qaldıqları problemin ölkəmiz tərəfindən 44 gün ərzində hərbi və siyasi yolla həll edilməsi Azərbaycanın dünyadakı dostlarının, habelə strateji tərəfdaşlarının sayını daha da artırdı. Prezident cənab İlham Əliyevin bir neçə gün əvvəl İsveçrəyə səfəri və səfər çərçivəsində Davosda Dünya İqtisadi Forumunun tədbirlərində iştirakı, həmçinin keçirdiyi görüşlər ölkəmizin dünyada artan reytinqinin növbəti göstəricisidir.
50 ildən çoxdur ki, keçirilən Davos İqtisadi Forumuna dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərləri qatılır. Builki Davos İqtisadi Forumunda müzakirələr postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayaraq qlobal iqtisadiyyata və siyasi proseslərə yeni istiqamətlər verir. Bu mənada Foruma dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə dəvət olunması Azərbaycan Prezidentinin yeni konfiqurasiya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Azərbaycan Çinlə həm də enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.
Qeyd edilməlidir ki, tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir.
Prezident cənab İlham Əliyev müsahibəsində vurğulayıb ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Hazırda Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub.
Beləliklə, son Davos Forumunu da Azərbaycan üçün uğurlu saymaq olar. Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu. Bu isə o deməkdir ki, Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması və qüdrətlənməsi dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilir.