Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq
Mehriban Həbibova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan- Gürcüstan dostluğunun çox qədim tarixi var, bu ölkələr yalnız qonşu və dost deyil, həm də mühim strateji tərəfdaşdır. Gürcüstanda çox sayda azərbaycanlı əhali yaşayır, son məlumatlara əsasən ölkədə 233 min nəfər azərbaycanlı vardır. Cənab prezident mütamadi olaraq Gürcüstana etdiyi səfərlərdə soydaşlarımızın yaşam şəraiti ilə yaxından tanış olur, onları öz diqqətindən kənarda qoymur, onların nümayəndələri ilə görüşür. Bu cür səfərlərdən biri də bu ilin 8 oktyabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə baş tutdu.
Ortaq bəyanatda çıxışında Prezident bildirib ki, Gürcüstan və Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri güclənir, möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir- biri ilə daha sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu xalqlarımız mehriban dostluq və qonşuluq şəraitində yaşamışdır. Bu ölkələrimizlə yanaşı, həm də bütün bölgə üçün çox vacibdir. Gürcüstanın füsünkar təbiətindən bəhs edən Prezident bu ölkənin ən böyük sərvətinin gürcü xalqı olmasını vurğulamışdır.
Prezident çıxışında həm də Ulu Öndər Heydər Əliyev və Eduard Şevarnadzenin dostluq münasibətlərinə də toxunub. Hər iki liderin sovetlər dövründən bir-biri ilə sıx təmasda olmasından, o vaxt xalqlarımızı daha da yaxınlaşdırmaq üçün böyük səylər göstərməsindən danışıb. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır. O,Ulu Öndərin yüz illiyi münasibətilə onun xatirəsinə göstərdikləri dərin ehtirama görə də öz minnətdarlığını bildirib.
Cənab İlham Əliyev bəyanatda Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatdığını vurğulayıb. Bildirib ki, Azərbaycan və Gürcüstan hər zaman bir- birinin ərazi bütövlüyünü və süverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birinə dəstək nümayiş etdirib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, kecən ay isə bütün ölkə üzrə süverenliyini bərpa etmişdir.
Prezident onu da bildirib ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olunsa, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prossesində öz dəstəyini göstərməyə çalışırlar. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi.
Cənab Prezident iki ölkə arasında həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planlarından, Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivlərindən, Anakliya limanının inşasından bəhs etmişdir. Energetika sahəsində ənənəvi sahələrdən başqa bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki- iqtisadi əsaslandırması hazır olacaq. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühim tranzit rol oynayır.
Nitqinin sonunda Gürcustandakı inkişafdan və sabitlikdən bəhs edən Prezident buna sevindiyini, əldə edilmiş naliyyətlərə görə baş naziri və gürcü xalqını ürəkdən təbrik etmiş, İrakli Qaribaşvilini Azərbaycana dəvət etmişdir.
Azərbaycan-Gürcüstan dostluğunun bu cür möhkəm əsaslara dayanmasının banisi Ulu Öndərimiz Heydər Əliyevdir, bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev də uğurla davam etdirir. Yaxın qonşumuzla olan mehriban münasibətlər biz Azərbaycan xalqını çox sevindirir, çünki vətəndaşlarımız və dövlətimiz Cənubi Qafqazda sülhün, əminamanlığın, firavanlığın tərəfindədir.