Bu gün Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir

Bu gün Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir

Yusif İbrahimov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

 Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi     

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə bu istiqamətdə mühüm bir siyasi siqnal olmaqla yanaşı, iki ölkə arasında artan qarşılıqlı marağın və strateji əməkdaşlığın bariz nümunəsidir.  Dövlət başçısı müsahibəsində tarixi əlaqələrdən tutmuş müasir dövrdə iqtisadi, enerji, humanitar və beynəlxalq əməkdaşlıq sahələrinə qədər geniş spektri əhatə edən məsələlərə toxunaraq, dövlətlərimiz arasında  münasibətlərin kompleks və dinamik xarakterini ortaya qoydu.

Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, Azərbaycan və Vyetnam 66 ilə söykənən tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist  Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə xüsusilə toxunaraq bildirdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.

Azərbaycan ilə Vyetnam ölkələri milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verirlər. Ölkələrimiz arasında münasibətlərin inkişafında iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli rol oynayır. Həmçinin 2023-cü ilin noyabrında Hanoyda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq sazişinin imzalanması münasibətlərin inkişafına təkan verir.

Həmçinin ölkə başçısı müsahibəsində qeyd edib ki, “Həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlmələrinə şad olacağıq. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər”.

Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.

Qlobal siyasi və iqtisadi münasibətlərin çağdaş mərhələyə qədəm qoyduğu, dünya gündəminin sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan beynəlxalq əməkdaşlıq əlaqələrini yeni coğrafiyalara doğru genişləndirməkdədir. Bu baxımdan, Asiya-Sakit okean regionu, xüsusilə də Vyetnam Sosialist Respublikası ilə münasibətlərin inkişafı mühüm əhəmiyyət daşıyır.