Böyük Qələbələr bəxş edən əsas amil

Böyük Qələbələr bəxş edən əsas amil

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası

Suraxanı rayon təşkilatının sədri

Hər bir xalqın, hər bir cəmiyyətin zəfər tarixi onun dövlətçilik tarixinin ən əhəmiyyətli hissəsini təşkil etməkdədir. Hər xalqa belə bir tarix yazmaq müfəssəl olmur. Elə olur ki, uzun illər, bəzən isə əsrlər lazım olur belə bir şanlı tarix yazmaq üçün. Zəfər tarixi bütün bir xalqın qürur mənbəyidir ona görə ki, zəfərin əldə olunmasında bütün xalq, cəmiyyət iştirak edir. Zəfərlər hər zaman hərbi qələbələr olmaya bilər. Bir çox halda kiçik zəfərlər böyük uğurlara gətirib çıxarır.

Şanlı Zəfərlər əldə etmək üçün ən əsas amil müstəqil dövlətçilikdir. Daxili siyasətdə eyni amallar ətrafında birləşən, vahidləşən, bütövləşən xalq və xarici siyasətdə azad manevr qabiliyyətinə malik siyasi iradə böyük qələbələri gətirən əsas amildir. Azərbaycan öz dövlət müstəqilliyini, dövlətçiliyini və xalqı ilə bütövlüyünü tam qurduqdan, iqtisadiyyatını möhkəmləndirdikdən sonra ən ümdə problemini həll etmək üçün bütün gücünü səfərbər etmişdir. 1990-cı illərin əvvəllərində dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqdan, şanlı zəfərlər tarixi yazan xalqa çevrilmək heç də asan deyil.

Müdrik Azərbaycan xalqı mübariz xarakterinə uyğun olaraq tarixin müxtəlif mərhələlərində müstəqil dövlətlər yaratmışdır. Çox təəssüf hissi ilə qeyd etməliyik ki, son iki yüz il ərzində yaradılmış dövlət qurumlarımız öz ərazi bütövlüyünü qoruyub saxlaya bilməmiş və müxtəlif imperiyalar tərəfindən müstəmləkə siyasətinə məruz qalmışdır. Bunun nəticəsində tarixi torpaqlarımız bir neçə dəfə qonşu dövlətlər tərəfindən bölünmüşdür. Bununla da kifayətlənməyərək Azərbaycan Respublikasının suveren ərazilərində ikinci bir erməni dövləti yaratmaq üçün hərəkətə keçilmiş və torpaqlarımıza təcavüz olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvan, Sovetlər Birliyi zamanında Azərbaycanın Zəngəzur və Göyçə mahalları Ermənistana verilmiş, Qarabağda heç bir əsas olmadan muxtar vilayət yaradılmışdır. Əlbəttə, tarixi dövrlərin diqtəsi və o zaman dövlət və hökümət başçılarının qətiyyətsiz mövqeləri tarixi torpaqlarımızın bölüşdürülməsinə rəvac vermişdir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həm daxili amillər, həm də xarici qüvvələrin təsirindən dövlətçiliyimizin bütün dayanaqları sarsılmışdır. Lakin 1993-cü ilin iyun ayı Azərbaycan xalqının müstəqil xalq, dövlət kimi yaşaması və inkişaf etməsi üçün yeni bir mərhələnin, dövrün başlanğıcı olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi ilə qayıtması, Yeni Azərbaycan Partiyasının hakim partiyaya çevrilməsi, ölkəmizin tənəzzüldən tərəqqiyə doğru addımlaması bugünkü qələbələrin çarçısı oldu. Ulu Öndərin gəlişi yalnız dövlətçiliyimizi deyil, xalqımızı da düşdüyü burulğandan xilas etmişdir. Bu gün əldə olunan tarixi zəfərlərin əsası Qurtuluş günü və Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişi ilə bağlıdır. Məhz onun atdığı cəsarətli addımlar, verdiyi tarixi qərarlar nəticəsində xalqımız böyük nailiyyətlər əldə edə bilmişdir.

Prezident İlham Əliyev Xankəndində Azərbaycanın üçrəngli bayrağını qaldıranda bir məqamı xüsusi vurğulamışdır ki, prezidentliyinin 17 ilini Qarabağın azad edilməsi üçün çalışıb. Bu hadisə indiki beynəlxalq münasibətlər zəminində heç də asanlıqla baş verən bir hadisə deyildir. Cənubi Qafqazda regiona yaxın, regionla birbaşa üzvi əlaqələri olan ölkələrlə yanaşı, regiondan uzaq lakin regionda böyük maraqları olan, oyun çarxlarını döndürən ölkələr vardır ki, onlar status-kvonun davam etməsində maraqlı idilər. Hətta Azərbaycana məğlubiyyəti qəbul etdirərək bu vəziyyəti normal hal imiş kimi təlqin etdirirdilər. Amma həm Azərbaycan xalqı, həm Ali Baş Komandan bu vəziyyət ilə barışmayacağını və müharibə haqqımızın qaldığını dəfələrlə bəyan etmişlər.

İstər qarşı tərəf, istərsə də qarşı tərəfi müdafiə edən qüvvələr, bəzi dünya dövlətləri hesab edirdilər ki, Azərbaycan artıq məğlubiyyəti qəbul edib, vəziyyətlə barışıb. Lakin Azərbaycan bütün sferalarda torpaqlarının geriyə qaytarılması üçün addımlar atırdı. Azərbaycan dünyada olan dostlarının sayını artırır, dünyaya töhfələr verməyə, dünyada haqqın, ədalətin səsi kimi susmayaraq nüfuzunu artırmağa davam edirdi. Eyni zamanda da hüquqi müstəvidə müharibənin başlayacağı an üçün bütün hazırlıqlarını tamamlayırdı.

44 günlük Vətən müharibəsinin ilk saatlarından son məğlubiyyət aktının Ermənistan tərəfindən imzalanmasına qədər hər bir məsələni, məqamı həm doğma xalqımızla, həm də dünya ictimaiyyəti ilə tanış edən möhtərəm Prezident cənab İlham Əliyevin sayəsində hər birimiz Şanlı Zəfərin hər gününü, hər anını bilirik, məlumatlıyıq. Biz həm müharibənin ən qanlı fazasını, həm də zəfərin ən şirin anını tariximizə, dünya tarixinə yazmışıq. Bu elə bir möhtəşəm tarixdir ki, bundan sonra illər, əsrlər boyu doğma xalqımız öz qəlbində onu körpə uşaq kimi qoruyub saxlayacaqdır. Canlarını müqəddəs Vətən torpağına qurban vermiş şəhidlərimiz isə daim qəlblərimizdə yaşayacaqlar.

Artıq Şanlı Zəfərin üçüncü ildönümü tamam olur. Böyük və Şanlı Zəfərin üçüncü ildönümündə müdrik Azərbaycan xalqının qüruru olan rəşadətli Azərbaycan ordusuna öz ehtiramımızı bildiririk. Canlarını müqəddəs Vətən torpağına və üçrəngli şanlı bayrağımıza qurban verən şəhidlərimizi, qazilərimizi dərin hörmətlə yad edirik.

Müharibə təkcə hərb, güc, döyüş demək deyil, o həm də zəkaların savaşıdır. Adları dünya hərb tarixinə yazılan sərkərdələr eyni zamanda ağlın, sağlam düşüncənin sayəsində döyüş meydanlarını qalib kimi tərk ediblər. Müharibələrin də mərhələləri olur və həlledici döyüşlər, taktiki gedişləri ilə yadda qalır. Elə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qələbəmizi təmin edən "Dəmir yumruq" kimi. "Dəmir yumruq" əməliyyatı mütəxəssislər tərəfindən öyrənildikcə, onun üstünlükləri, fərqli cəhətləri daha aydın görünəcək. Vətən müharibəsi başda Müzəffər Ali Baş Komandan olmaqla Azərbaycan xalqının şanlı Zəfərlə bitən savaşıdır.

Keçən üç il göstərdi ki, 9 noyabr bəyanatı heç də son deyilmiş. Ondan sonra, hətta bu gündən sonra da daima güclü dövlətə, orduya malik olmağa davam etməliyik. Dəfələrlə cənab Prezident vurğulamışdır ki, bu gün Azərbaycanın ordusu müharibədən əvvəlki ordudan qat-qat daha güclüdür. Bu gün Azərbaycan dövlətçiliyi, diplomatiyası əldə olunan hərbi zəfərlərin siyasi-hüquqi nəticələrə çevrilməsi üçün çalışır və hər nə qədər çətin olsa da buna nail olur. Bu gün dünyada Azərbaycanın dostları ilə yanaşı ordumuzun və dövlətimizin güclənməsini istəməyən qüvvələr var. Bu qüvvələr açıq-aşkar regiona müdaxilə etmək və heç bir üzvi əlaqələri olmadığı halda hadisələri qarışdırmaq istəyirlər. Amma həm 44 günlük Vətən müharibəsi, həm də daha sonra lokal antiterror tədbirləri göstərdi ki, Azərbaycan dövlətinin, xalqının və Ali Baş Komandanın dəmir iradəsini heç kim qıra bilməz.

Bu gün bütün arzular gerçək olub, bu gün bütün dualar qəbul olunub. 9 noyabr -Dövlət Bayrağı gününü də qeyd etdiyimiz bu günlərdə Azərbaycanın üçrəngli şanlı bayrağı Xankəndinin mərkəzi meydanında şərəflə dalğalanır. Şəhidlərimizin qanı, canı hesabına, xalqımızın müdrilkliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi nəticəsində Azərbaycan bayrağı işğaldan azad olunmuş tarixi torpaqlarımıza birdəfəlik qayıdıb və bir daha əsla enməyəcəkdir.

Xankəndidə Azərbaycan bayrağının qaldırılması iki yüz illik erməni faşizminin də başını əzdi. Bu bayraq regionda bizə qarşı qurulmuş bütün oyunları darmadağın etdi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin heç bir siyasi, etnik və hüquqi əsasları olmadan yaradılmasının 100-cü ildönümündə Xankəndidə qaldırılan Azərbaycan bayrağı suverenliyimizin təminatının bariz nümayişi idi. Bu gün bütün qondarma qurumlar ləğv olunub, özləri özlərini buraxıb və sinələrində dəmir-dümür gəzdirən yalançı qəhrəmanlar, qorxaqlar indi İrəvanda gizlənirlər. Oradan heç kimə lazım olmayan, naftalin qoxulu bəyanatlar verirlər. Azərbaycan dövləti və ordusu isə regiona sülh və əməkdaşlıq gətirib. Azərbaycan ordusu Cənubi Qafqazda sülhün qarantıdır.

Zəfərimizin üçüncü ildönümündə Xankəndidə Zəfər paradının keçirilməsi də dosta güvən, düşmənə qorxu hissi aşılamağa davam edən növbəti addımdır. Azərbaycan ordusu Qarabağa, Şərqi Zəngəzura sülh, əminamanlıq gətiribdir. Bu gün Qarabağı könüllü tərk edən ermənilərin necə, hansı yüksək təhlükəsizlik normaları çərçivəsində və humanitar qayğı ilə regiondan getmələrinə bütün dünya şahiddir. Halbuki bu gün Azərbaycan bayrağı dalğalanan Xocalıdan, Qaradağlıdan, Başlıbeldən və digər ərazilərimizdən insanların etnik soyqırıma məruz qalaraq qovulması, öldürülməsi bütün dünyaya məlumdur. Biz isə bir daha hansı soykökünə malik olduğumuzu bütün dünyaya göstərdik. Biz öz türk babalarımız kimi xalqımıza qarşı törədilən bütün terrorun əvəzini məhz döyüş meydanında çıxdıq.

Bu gün Azərbaycan bütün dünyada özlərini sülhün qarantı kimi təqdim edən, əslində isə iki dünya müharibəsinə səbəb olan, bütün regionlarda müstəmləkə siyasəti yeridən və bütün xalqların nifrətini qazanan bir çox imperialist dövlətlərə humanizm dərsi verdi. Əlbəttə, suveren hüquqlarımızın təminatı, milli maraqlarımızın müdafiəsi istiqamətində heç bir müdaxiləni qəbul edə bilmərik. Lakin Azərbaycan bayrağı altında, Azərbaycan vətəndaşları olaraq yaşayacaq ermənilərə də digər azərbaycanlılar kimi rəftar olunacağının qarantını verə bilərik və veririk. İndi Ermənistan ərazisinə köçənlərlə müqayisədə Qarabağda qalanlar daha böyük hüquqlara, daha yaxşı həyat şəraitinə malikdirlər. Bu da 44 günlük Vətən müharibəsində və sonrasında əldə olunan Şanlı Zəfərlərin nəticəsidir.

Artıq müharibə bitib. Keçmiş münaqişə isə tarixin tozlu rəflərinə göndərilib. Mübarizəmiz isə qalır. Biz müharibənin nəticələrinin qəbul edilərək sülh müqaviləsi imzalanması, informasiya müharibəsində saxta məlumatların yayılmaması, ölkəmizə qarşı siyasi təyziqlərə yol verilməməsi üçün mübarizəmizi davam etdirməliyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi və bu torpaqları cənnətə çevirmək üçün qayıtmışıq.

Biz dəmir yumruq ətrafında Müzəffər Ali Baş Komandanın çağırışına qoşularaq üçrəngli şanlı bayrağımızı işğaldan azad olunan torpaqlarımızda şərəflə qaldırdıq. Bu çağırış bir millətin oyanışı idi. Budur Azərbaycan xalqının Şanlı Zəfərinin fəlsəfəsi.