Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfərində Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin iştirakı ilə imzalanan sənədlər sırasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ən mühüm sənədlərdəndir. Bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Müqavilədə bütün sahələr özünü əks etdirir, o cümlədən hərbi-təhlükəsizlik məsələləri də yer tutur.
Xarici siyasətimizin istiqamətinə nəzər saldıqda görürük ki, müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb.
Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.
Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək bildirib: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”.
Azərbaycan-Özbəkistan əlaqələrinin rəsmi müttəfiqlik səviyyəsinə yüksəlməsi təbiidir və hər iki ölkənin liderinin iradəsinin, qardaş xalqlarının istəyinin təcəssümüdür. Milli maraqlara əsaslanan praqmatik siyasi xəttin tərəfdarı olan İlham Əliyev və Şavkat Mirziyoyev müasir dünyada inkişafa və tərəqqiyə yalnız qarşılıqlı faydalı əməkdaşlıqla, müttəfiqliklə nail olmağın mümkünlüyünü düzgün qiymətləndirir və bu istiqamətdə addımlar atırlar. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, BMT kimi beynəlxalq platformalarda əməkdaşlıq edirlər. Özbəkistan 44 Günlük Vətən Müharibəsindəki parlaq qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib.
Bu gün hər iki dövlət başçısı beynəlxalq səviyyədə iqtisadi və enerji layihələrinin həyata keçirilməsi üçün faydalı əməkdaşlıq edir. Özbəkistan təbii resurslarını məhz Transxəzər marşrutu vasitəsilə Azərbaycan üzərindən ixrac etmək niyyətindədir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. İki ölkənin şirkətləri - SOCAR və "Uzbekneftegaz" ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər.
Azərbaycan Prezidentinin 22-23 avqust Daşkənd səfəri Özbəkistanla müttəfiqlik müqaviləsinin imzalanması səbəbilə tarixi səfər, tarixi hadisə oldu.Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri hər iki müstəqil ölkə üçün böyük əhəmiyyətə malikdir.