Bizim ordumuz bizim qürurumuzdur
Mələk Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikasının tarixində müstəsna rol oynamış Heydər Əliyev Azərbaycanın siyasi varlığını, suverenliyini qoruyub saxlaması üçün əlindən gələni əsirgəməmişdir. O, həmişə ən mühüm məsələlərə toxunmuş,ən ağrılı problemləri gündəmə gətirmiş və həlli üçün var gücüylə çalışmışdır. Azərbaycanın Sovet dövründəki ən ağrılı problemlərindən biri hərbi kadrların olmaması idi.Bu,əslində istər çarizm dövründə,istərsə də sovet dövründə Rusiyanın mərkli siyasətinin nəticəsi idi. Çünki azərbaycanlıları hərbi işdən uzaqda tutmağa,hərbi işi unutdurmağa çalışırdılar. Heydər Əliyev uzaqgörənliyi ilə başa düşürdü ki,bu rejim çox davam edə bilməz. Azərbaycan müstəqilliyini qazanacaq.
Müstəqil dövlətin əsas atributlarından biri isə onun ordusudur. Həm də Ermənistan kimi təcavüzkar qonşusu olan dövlətə güclü ordu hava, su kimi lazımdır. Bunun üçün də Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən sonra hərbi kadrların hazırlanması prosesi başlandı.Və bu məsələ daim nəzarətdə saxlanıldı.Sonralar Ulu Öndər Heydər Əliyev ordu haqqında nitqində bildirmişdi ki,ordu bizə hansısa dövlətə hücum etmək,kiminsə torpağını zəbt etmək üçün lazım deyil.Biz sülhsevər dövlətik.Biz öz torpaqlarımızı azad etmək,ölkəmizin ərazi bütövlöyünü təmin etmək istəyirik.Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır.
1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq o dövrün rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi.Ermənistanın Azərbaycana qarşı təcavüzün gücləndiyi vaxtda yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələn kimi dövlətin hərbi-siyasi gücünü möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirdi.Hərbi hissələr ayrı-ayrı siyasi qrupların təsirindən çıxarıldı. Nizamsız hərbi hissələr ləğv edildi. Silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi,güclü nizami ordu yaradılması prosesinə başlanıldı.
Görülən tədbirlər tezliklə öz bəhrəsini verdi və cəbhədə xeyli uğurlar ələdə edildi. Füzuli, Cəbrayıl, Kəlbəcər və Ağdamın bir sıra yaşayış məntəqələri düşmən işğalından azad edildi və cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyən düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il sərəncamına əsasən,Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi və hər il bu tarix rəsmi dövlət bayrağı kimi qeyd edilir. Bundan sonra Heydər Əliyev hərbi təhsil sistemini daha da inkişaf etdirmək üçün mühüm lahiyələrə imza atdı. Hərbi Akademiya yaradıldı.
Müstəqillik illərində Azərbaycanın NATO və Türkiyə Cümhuriyyəti ilə əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə,Silahlı Qüvvələrimizin modernləşdirilməsinə,müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Silahlı Qüvvələrin modernləşdirilməsi prezident İlham Əliyevin də dövlət siyasətinin əsas strateji istiqamətlərindən olmuşdur. Hərbi sənayemizin inkişafı ordumuzun müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlarla təchiz edilməsinə səbəb olmuşdur. Hal-hazırda Azərbaycan ordusu Qafqazdakı ən müasir ordu hesab olunur. Bunun da səbəbi vaxtında aparılan islahatlardır.
Dünyanın ən güclü 50 ordusu sırasına daxil olan rəşadətli ordumuz 2020-ci ildə qazandığı misilsiz qələbə ilə bütün dünyaya Azərbaycanın hərbi qüdrətini bir daha nümayiş etdirmiş oldu. Bu gün də ordumuzun gücünün artırılması,modernləşməsi davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunun Türkiyə silahlı Qüvvələri modelinə uyğunlaşdırılması, Komando Qüvvələrinin yaradılmasına başlanılmışdır ki, bu da ordumuzun döyüş qabiliyyətinin artırılması üçün çox önəmlidir.
Şuşa Bəyannaməsində göstərilmişdir ki,Azərbaycan və Türkiyə -iki qardaş dövlət silahlı qüvvələrin müasir tələblərə uyğun yenidən formalaşdırılması istiqamətində birgə səy göstərməyə davam edəcək. Biz artıq 26 iyun-Silahlı Qüvvələr gününü müzəffər xalq olaraq qeyd edirik və bundan böyük qürur hissi keçiririk.