YAP Suraxanı rayon təşkilatı Şəhidin övladının ad günü ilə bağlı təbrik ünvanlayıb
Təbrikdə deyilir,
Əziz Yusif !
Bu gün sənin 10 yaşın tamam olur. Sən həyatını vətən uğrunda qurban vermiş şərəfli bir zabitin övladısan. Atan Həmidov Mixail Hamlet oğlu qısa, lakin mənalı ömrünə böyük uğurlar, müvəffəqiyyətlər sığdıra bilmiş, cəmiyyətdə böyük hörmət və etimad qazanmışdır. O, vətənin ən ağır, çətin günlərində könüllü olaraq ordu sıralarına qoşulmuş, cəsarətlə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Bu il ilk dəfə sən doğum gününü şəhid oğlu kimi fəxarətlə qeyd edirsən. Xüsusi vurğulamaq istərdim ki, canlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Əlbəttə, şəhid atanı sənin üçün əvəz edə bilməsək də məqsədimiz onun yoxluğunun səndə formalaşdırdığı ağır mənəvi-psixoloji sarsıntını ən azından biraz da olsa yüngülləşdirməkdir. Bu il xalqımızın bütün uşaqlarının qalib övladlar kimi doğum günlərini qeyd etmələri və gələcəkdə gözəl günlər yaşamaları üçün sənin və digər şəhid övladlarının ataları öz həyatlarını vətən uğrunda qurban vermişlər. Bütün şəhidlərimizin ruhları şad olsun!
Səni doğum günün münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından təbrik edir, sənə gələcək həyatında uğurlar arzu edirik. Heç şübhəmiz yoxdur ki, sən də öz atan kimi şərəfli bir vətəndaş olacaqsan. Bundan sonrakı həyatının bütün mərhələlərində YAP yerli təşkilatı mövcud səlahiyyətləri çərçivəsində hər zaman sənə dəstək olmağa hazırdır. Unutma ki, Şəhidlərimiz vətən torpağına, övladları isə müdrik xalqımıza, bizlərə əmanətdir.
Dərin hörmətlə,
YAP Suraxanı rayon
təşkilatının sədri Vüqar Seyidov