Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır
Lalə Qafarova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşı
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət ağlasığmaz dərəcədə böyükdür. Qarabağ bölgəsini 30 ilə yaxın işğal altında saxlayan ermənilər orada kütləvi yanğınlar törədib, meşəlikləri, xüsusi ağac və bitki növlərini məhv ediblər. Erməni vandallarının törətdiyi ekoloji terror, su mənbələrimizin korlanmasına, meşələrimizin qırılmasına, regionun ekoloji tarazlığının pozulmasına gətirib çıxarıb. Ərazilərimiz düşmən tapdağında olduğu müddətdə tanınmaz hala salınıb, viran edilib, xarabalığa çevrilib.
Cəbrayıl rayonu 1993-cü il Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Düz iki il bundan öncə 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olunub. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırıb. Elə bu məqamda vurğulamalıyıq ki, işğal illərində Cəbrayıl tamamilə dağıdılıb, orada yalnız işğalçı ölkə hərbçilərinin istifadə etdiyi tikili və qurğular, qərargah binası mövcud olub.
Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl rayonu ilə bağlıdır. Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Bu isə uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz oldu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub. Dövlətimizin başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri ilə həmin nidanı qoymuş oldu. Cəbhədə, siyasətdə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident cənab İlham Əliyev bu zəfərin müəllifidir.