Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin və şanlı ordumuzun köməyilə Vətən müharibəsində Azərbaycanın 30 illik işğala son qoyması, öz ərazi bütövlüyünü bərpa etməsi, ötən ilin sentyabrında isə bütün ərazilərində suverenliyini bərqərar etməsi böyük bir dövrün başa çatması və ölkəmiz, xalqımız üçün yeni dövrün başlanmasıdır. Belə, böyük uğurdan sonra ölkəmizin dövlətlərarası münasibətləri inkişaf etdirilir, xüsusilə türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verilir.
İlk növbədə onu qeyd edim ki, Türk Dövlətləri Parlament Assambleyası — 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu sazişlə təsis olunmuşdur. Qurumun məqsədi parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərmək, Türk dövlətləri və digər region dövlətlər arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərmək, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndələrini qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin prioritet istiqamət kimi müəyyən olunduğunu qeyd edib.
Bu il keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur deye fikir səsləndirən cənab Prezident türk dünyası ilə münasibətlərə önəm verdiyini diqqətə çatdırır.
Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirdiyi qeyd olunub. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır.Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.
Son olaraq onu da qeyd edim ki, bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir.
TÜRKPA-nın toplantısı böyük əhəmiyyət daşıyır. Müzakirə ediləcək məsələlər türk dövlətləri arasında birliyimizi daha da gücləndirəcək.