02 may 2025-ci il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Bir dahinin ömür yolu” adlı tədbir keçirildi. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətindən, YAP Suraxanı rayon təşkilatından, rayon təhsil, mədəniyyət və səhiyyə müəssisələrindən, Suraxanı Oil şirkətindən nümayəndələr, şəhid ailələri və məktəblilər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra Heydər Əliyevin həyat yolundan bəhs edən musiqi kompozisiyası nümayiş olundu. Tədbiri giriş sözü ilə açan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova çıxışında qeyd etdi ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin və inkişafının memarı, xalqımızın xilaskarı kimi tarixdə silinməz iz qoymuş dahi şəxsiyyətdir. Onun siyasi uzaqgörənliyi, milli dəyərlərə verdiyi önəm və gənclərə olan diqqəti bu gün də bizim fəaliyyətimizə istiqamət verir. Ümummilli Lider Heydər Əliyevin layihələri bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva, YAP Suraxanı rayon təşkilatının əməkdaşı Kürsüm Həsənova, Respublikanın əməkdar artisti, Azərbaycan Respublikasının Mədəniyyət və İncəsənət Universitetinin professoru, Suraxanı rayon Ağsaqqallar şurası sədrinin birinci müavini Ağalar Bayramov, şəhid ailələri adından Şükür Adilov, Suraxanı rayon 84 nömrəli məktəbin direktoru Röya İslamova çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin adı hər bir azərbaycanlının yaddaşında müdriklik, qətiyyət və vətənə sonsuz sevgi ilə həkk olunub. Onun həyat yolu sadəcə bir liderin deyil, bir xalqın mübarizəsinin aynasıdır. Biz onun ideyaları ilə böyümüş, onun qurduğu müstəqil Azərbaycanın sabahını daşıyan şəxslərik. Xalqına olan inamı və iradəsi ilə çətinliklər qarşısında heç zaman geri çəkilməyən Ümummilli Lider Heydər Əliyev hər birimiz üçün örnəkdir.
Tədbirin bədii hissəsində Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin xor ansamblının “Vətən” ifası, “Qarabağ şikəstəsi” musiqi nömrəsi, həmin məktəbin müəllimi Rəşidə İsgəndərova və tələbəsi Esmanur İmanlının piano və skripkada ifaları dinlənildi. 3 nömrəli Uşaq-Gənclə İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında şeir kompozisiyası səsləndirildi.
Tədbirin sonunda Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” layihəsi üzrə məktəblərdə keçirilən açıq dərslərində fəal iştirak edən şagirdlər təltif olundu.